“Putinin planı – "rus dünyası"nın qələbəsidir. İlk addım rus zonasından qaçan itaətsiz “bacı” - Ukraynanın məhv edilməsi olacaq”.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri rusiyalı politoloq, jurnalist və siyasətçi Andrey Piontkovski deyib.
Rusiya hakimiyyətinin daxili və xarici siyasətini kəskin tənqidçilərindən olan Piontkovskinin sözlərinə görə, bu siyasət digər sözəbaxmayanlar üçün “yaxşı” tərbiyəvi ölçü olacaq. O, qeyd edib ki, Putinin Tallin, Riqa və Vilnüslə bağlı planı iki gün ərzində yerinə yetirilə bilər.
Xatırladaq ki, Krımda keçirilən referendumdan təxminən bir ay əvvəl – fevralın 21-də Litva milli radiosu və televiziyanın internet portalına müsahibə verən Piontkovski Krımın zəbt edilməsi ehtimalını dilə gətirib. “Kreml Ukraynanı parçalamağa və Krımı zəbt etməyə çalışır. Amma Qərb Rusiyanı saxlaya bilmir, çünki ABŞ prezidenti Barak Obama Avropa İttifaqının siyasətçiləri kimi onurğasızdır”, - deyə o bildirmişdi.
Piontkovski martın 14-də “Son mərhələ” adlı məqaləsində yenidən Rusiyanın Krımın zəbt etməsindən danışıb.
A.Piontkovski hesab edir ki, əgər Ukraynada Putinin “rus dünyası” konsepsiyasının icrası dayandırılmasa, o halda dünya nüvə müharibəsinə hazırlaşmalıdır. Onun sözlərinə görə, Rusiyanı dayandırmaq üçün hələlik iqtisadi və siyasi imkanları qalır. Rusiyalı politoloq Rusiyanın Ukraynada dayandırılmayacağı halda növbəti hədəfin Baltikyanı ölkələr olacağını söyləyib.
Rusiyalı politoloq Ukraynada baş verənlərin qlobal layihənin bir hissəsi olduğunu və bunu Putinin də gizlətmədiyini deyib: “O, 17 mayda Krımda etdiyi məşhur nitqində “rus dünyası” konsepsiyası irəli sürdü. Putin dünyanın harasında olmasından asılı olmayaraq etnik rusları müdafiə edəcəyini bildirdi. Və Krımdan sonra növbəti hədəfin “Novorossiya” olduğunu dedi. Ukraynanın səkkiz vilayəti “Novorossiya” adlandırıldı. Təbii ki, növbəti hədəf rus azlığı olan Baltikyanı ölkələridir. Baltikyanı ölkələrdə rusların vəziyyəti ilə bağlı Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatını yada salmağa dəyər. Ukrayna müharibəsi də etnik rusların hüquqları ilə bağlı narahatlıq iddiası ilə başlandı. Putin deyib ki, SSRİ-in dağılması 20-ci əsrin ən böyük geosiyasi faciəsidir. Budur, Putin keçən əsrin qisasını 21-ci əsrdə almaq istəyir”.
Rusiyanın Baltikyanı ölkələrə nə vaxt müdaxilə edə biləcəyinə gəlincə, A.Piontkovski hər şeyin Ukrayna döyüşündən asılı olacağını vurğulayıb: “Əgər Putin müvəffəqiyyət qazansa, yəni Ukraynanı tamamilə tabe edə və onun Avropa vektorunu dəyişdirə bilsə, növbəti hədəf Baltikyanı ölkələr olacaq. Putinin başı hələlik Ukraynaya qarışıb. Amma siz Qərbdəki dostlarınıza izah etməlisiniz ki, Putinin təmiz iqtisadi və siyasi vasitələrlə dayandırılması imkanı var. Heç kim Qərbin hərbi iştirakını gözləmir. Amma bu o vaxta kimi davam edəcək ki, “yaşıl adamlar” Baltikyanı ölkələrdə referendum keçirəcək. Qərb isə öz öhdəliklərini yerinə yetirmək üçün nüvə dövləti ilə vuruşmalı olacaq. Təbii ki, Rusiya müəyyən yolla nüvə şantajından istifadə edəcək. Bu dəhşətli ssenaridən qaçmağın yeganə yolu Ukraynada Putinin layihəsinə qalib gəlməkdir”.