Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bazar günü CBS kanalının “Face the Nation” proqramına verdiyi müsahibə ABŞ-ı narahat edib.
Teleqraf.com xatırladır ki, həmin proqramda Türkiyənin Rusiyadan daha bir set S-400 kompleksi almamasına dair suala cavabında Ərdoğanbundan sonrakı mərhələdə də heç kəsin Türkiyənin müdafiə sistemləri mövzusunda hansı ölkədən nə qədər və nə alacağına müdaxilə edə bilməyəcəyini bəyan edib.
"Röyter" agentliyinin məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçülərindən biri Prezident Ərdoğanın son fikirlərinə reaksiya verərkən bildirib ki, Türkiyəni hər mərhələdə və hər fürsətdə S-400 sistemlərini əlində saxlamaması və Rusiyadan hərbi ləvazimatlar almaqdan qaçması mövzusunda xəbərdarlıq edirlər.
“Rusiyadan hər cür yeni silah alınmasının CAATSA 231 ("Sanksiyalar vasitəsilə Düşmənlərlə Mübarizə haqqında" qanun) sanksiyalarını tətikləmək riski daşıdığını Türkiyəyə açıq söyləməyə davam edirik”, - sözçü bildirib.
Dövlət Departamentinin adı hallandırılmayan diplomatı ABŞ-ın Türkiyəni müttəfiq və dost olaraq gördüyünü və anlaşılmazlıqlara rəğmən Türkiyə ilə əməkdaşlığı gücləndirilməsinin yollarının axtarıldığını söyləyib.