28 Sentyabr 2021 11:07
1 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 25-də 4 ölkənin – ABŞ, Hindistan, Avstraliya və Yaponiyanın lideri Vaşinqtonda bir araya gəldi. Liderlər virusla mübarizədən tutmuş iqlim dəyişikliklərinə qədər bir çox mövzunu müzakirə etdi. Amma dördlüyün əsas narahatlıq yaradan mövzusu fərqlidir – Çin.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzindən Teleqraf.com-a daxil olan analitik məqalədə bildirilib.

Məqalədə qeyd olunub ki, 4 ölkənin lideri əvvəlcə pandemiya ilə mübarizədə mövcud vəziyyəti müzakirə edib:

“Dördlük ölkələrindən ABŞ və Hindistan pandemiyadan ən çox əziyyət çəkən dövlətlər sırasındadır, hər iki ölkədə yüzminlərlə insan həlak olub. Dördlük koronavirusla mübarizədə yardımlaşma və yeni texnologilayaların tətbiqi məsələlərində əməkdaşlığa qərar verdilər.

Pekin mövcud dördlüyü özü üçün real təhlükə kimi qiymətləndirir. Təsadüfi deyil ki, Pekin Vaşinqtonda toplaşan dördlüyün “uğur qazanmayacağını” bəyan edib. Halbuki, dördlüyün ilk müzakirə etdiyi mövzu virusla mübarizə olub. Buna baxmayaraq, Pekin dördlüyün bütün təşəbbüslərinin nəticəsiz qalacağını vurğulayıb. Çində Vaşinqton toplantısını daha qəzəbli şərh edənlər də az olmayıb. Misal üçün Çinin BMT-dəki keçmiş nümayəndəsi Şa Tsukan Vaşinqtonun formalaşdırdığı yeni alyanslara nüvə silahı ilə cavab verilməsi gərəkliyini bildirib.

Bundan əvvəl Vaşintonda Avstraliya-ABŞ-Böyük Britaniya ittifaqının yaradıldığı elan edilmişdi. Pekin bu ittifaqı da özünə qarşı qurulmuş oyun kimi qiymətləndirib. Qısa adı AUKUS (3 ölkənin ingilis dilində adlarının ilk başlıqlarıdır) olan birlik Hind və Sakit okean bölgəsində əməkdaşlıq edəcəklərini gizlətmirlər. Avstraliya bu məqsədlə Amerika texnologiyaları əsasında atom sualtı gəmilər istehsal edəcək.

Hindistan və Yaponiya ilə birlikdə dördlükdə yer alan Avstraliyanın baş naziri Skot Morrison Vaşinqtondakı toplantıda çıxışında Hind və Sakit okean bölgəsindən danışıb: “Biz Hind və Sakit okean ölkələriyik. Bu bölgədə sülh və inkişafa ehtiyac var. Bütün məsələlər millətlərə hörmət və danışıqlar, o cümlədən beynəlxalq hüquq əsasında həll olunmalıdır”.

Şübhəsiz Avstraliyanın baş naziri əks-qütbdə Çini nəzərdə tutub. Məhz Çin bölgədə hərbi gücünü artıraraq Tayvana və müxtəli adalara ittia edir. Bu vəziyyət dördlük ölkələrini, ən çox da Avstraliyanı ciddi narahat edir”.

Məqalədə vurğulanıb ki, dördlüyün sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden Hindistanın baş naziri Narendra Modi ilə ayrıca görüşüb:

“İki ölkə arasında sıx əlaqələr var. Hindistan da Avstraliya kimi Çinin regional siyasətindən narazıdır. Ötən il iki ölkə arasındakı sərhəddə baş verən insidentlər də buna sübutdur. Buna baxmayaraq, Narendra Modi Co Baydenlə görüşün rəsmi hissəsində Çinin adını çəkməyib. İki lider koronavirusa qarşı ortaq vaksinin istehsalıyla bağlı fikir mübadiləsi aparıblar. Bayden ümid etdiyini bildirib ki, Hindistanın milyard doz vaksin istehsalına az qalıb. Öz növbəsində Narendra Modi verilən dəstəyə görə Baydenə bu sözlərlə minnətdarlığını bildirib: “Ortaq vaksin istehsalı Hind və Sakit okean ölkələrinin virusa qarşı mübarizəsini daha effektli edəcək. Bundan başqa Hindistan kiçik və kasıb ölkələri də vaksinlərlə təmin etməyə hazırdır”.

Sammitdə çıxış edən Yaponiyanın baş naziri Esixide Suqa ittifaqdan məmnun qaldığını bildirib: “Biz dörd demokratik ölkə olaraq müxtəlif çağırışlara hazır olmalıyıq. Digər tərəfdən Hind və Sakit okean bölgəsində barış və inkişafa təkan verməliyik”.

Beləliklə, Vaşinqton qısa zaman kəsiyində Çində qarşı iki siyasi və hərbi blok formalaşdırıb – AUKUS və “dördlük”. Bu o deməkdir ki, yaxın illərdə ABŞ-ın və onun müttəfiqlərinin əsas qayğısı Çin olacaq. Mövcud vəziyyətdən Rusiya da narahat olmağa başlayıb. Rusiyanın Hind və Sakit okean bölgəsində xüsusi maraqları və güclü hərbi dəniz qüvvələri olmasa da, Moskva Amerikanın mərkəzində formalaşan birlikləri özü üçün təhlükə sayır. Kremlin məntiqi belədir: Çinə qarşı qurulan birliklər Rusiyaya da qarşıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər