29 Sentyabr 2021 11:37
1 756
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasının "Ülkü ocaqları"nın (Milliyətçilər) əleyhinə qəbul etdiyi qanun layihəsi Millətçi Hərəkat Partiyasının (MHP) ciddi narazılığına səbəb olub.

Teleqraf.com xəbər verir ki, ABŞ qanunverici hakimiyyətinin bu addımına MHP sərt reaksiya verib.

MHP sədri Dövlət Baxçalı bununla bağlı xüsusi açıqlama ilə çıxış edib.

“Türkiyə müttəfiqlik əxlaqına, strateji əməkdaşlığa riayət etməsinə rəğmən ABŞ-ın davranışları problem yaradan, böhran çıxaran, təzyiq və şantaja əsaslanan, təkəbbürlü anlayış ortaya qoyur. Türkiyə ABŞ-ın 51-ci ştatı deyil, koloniyası heç deyil, Türkiyənin iradəsi oğurlanmış bir ölkə olması da müzakirə mövzusu deyil”, - deyə Baxçalı bildirib.

Açıqlamada vurğulanır ki, Bayden administrasiyası terror təşkilatlarını Türkiyədən üstün tutdu, qanlı və dağıdıcı bir ittifaq dairəsi yaratdı:

“Terror təşkilatları ilə birlikdə yıxılan bu ölkənin "Ülkü ocaqları" kontekstində köksüz və əsassız bir böhtana əl atması dəhşətli bir səhv və qorxaq bir təxribatdır. Qanun layihəsinin qəbul edilməsi təkcə skandal deyil, həm də Türkiyəyə qarşı aparılan düşmən siyasətin bir hissəsidir. "Ülkü ocakları"na PKK/YPG/PYD düşüncəsi və anlayışı ilə yaxınlaşanlar, terror təşkilatının fanatik üzvləridir. Terroru dəstəkləyənlər ən azından terrorçular qədər məsuliyyətli, lənətlənmiş alçaqdırlar”.

Daha sonra bildirilir ki, "Ülkü ocaqları"na insanlığın gözü qarşısında böhtan atmaq cəhdi, Türk-İslam sivilizasiyasına yönəlmiş bir sui-qəsddir:

“Türkiyə-ABŞ münasibətləri çətin bir kəsişmədədir. NATO ittifaqı üçün eyni şeyi təklif etmək düzgündür. Bayden rəhbərliyinin Türkiyəyə və “Millət İttifaqı”na allergiyası sağalmazdır. Türk Evinin açılışına Baydenin gəlməməsi münasibətlərin gərginləşməsinin həm kobud, həm də kədərli nəticəsidir. Türkiyə seçimsiz, qətiyyən çarəsiz deyil. Bayden vaxtı gəldikdə Türkiyəni qiymətləndirməməsinin və aşağılamasının ciddi nəticələrinə dözmək məcburiyyətində qalacaq”.

Məlumat üçün qeyd edək ki, ABŞ Nümayəndələr Palatasına təqdim edilən və qəbul olunan 2022 -ci il Müdafiə Büdcəsi layihəsinə əlavə edilən bir maddəyə əsasən Dövlət Departamentinin “Ülkü ocaqlarının xarici bir terror təşkilatı olmaq meyarlarına uyğun olub –olmadığını” araşdırmasını nəzərdə tutur. Qanun layihəsinin qüvvəyə minməsindən sonra 180 gün ərzində Dövlət Departamentindən bu mövzuda hesabat hazırlaması və Konqresə təqdim etməsi tələb olunur. Maddənin keçərli olması üçün qanun layihəsi eyni şəkildə Senatda qəbul edilməli və Prezident Co Bayden tərəfindən imzalanmalıdır.


Müəllif: Nemət

Oxşar xəbərlər