29 Sentyabr 2021 12:18
26 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Çinin İrandan neft alışını azaltmaq ehtimalını müzakirə etmək üçün diplomatik kanallarla Pekinlə təmaslara başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi ABŞ-ın diplomatik mənbələrinə istinadən məlumat yayıb.

ABŞ-ın yüksək rütbəli rəsmisi agentliyə Çin şirkətlərinin İran neftinin alqı-satqısından xəbərdar olduqlarını bildirib.

Onun sözlərinə görə, Vaşinqton bununla bağlı sanksiyalar tətbiq edib və bundan sonra da tətbiq edəcək: “Bununla yanaşı, İrana qarşı siyasi dialoqumuzun bir hissəsi olaraq bu məsələni Çinə diplomatik kanallar vasitəsilə çatdırmışıq. Bizi narahat edən problemləri həll etmək üçün daha təsiredici yolun olduğuna inanırıq”.

Agentlik İran nefti məsələsinin ABŞ dövlət katibinin müavini Vendi Şermanın 25-26 iyul tarixlərində Çinə səfəri zamanı müzakirə olunan mövzulardan biri olduğunu yazıb.

“Röyter” qeyd edib ki, İran nefti ilə əlaqədar Çinlə təmaslar ABŞ rəhbərliyinin Tehranı nüvə müqaviləsinə qayıtmaq üçün danışıqları davam etdirməyə inandırmaq cəhdləri fonunda baş verir.

Bundan əvvəl “The Wall Street Journal” ABŞ hökumətinin İrandan Çinə neft tədarükünə sanksiyaları artıra biləcəyini yazıb. Nəşrin məlumatına görə, nüvə razılaşması ilə bağlı danışıqlar uğursuz olarsa, yeni sanksiyalar qüvvəyə minəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər