İlyarım sonra ilk dəfə masada üz-üzə oturacaq Türkiyə və Rusiya liderlərinin tarixi görüş keçirəcəyi təxmin edilir.
Teleqraf.com “Hüriyyət”ə istinadən xəbər verir ki, təkbətək keçiriləcək görüşdə müzakirə ediləcək diqqətçəkən mövzular var, dünya mediası da bütün diqqətini Soçiyə ayırıb.
Təkcə Rusiya və Türkiyə yox, Azərbaycan da daxil olmaqla bütün dünya ölkələri bir neçə gündür Soçidə baş tutacaq görüşü gözləyir. Sonuncu dəfə ötən il martın 5-də Moskvada üzbəüz görüşən Türkiyə və Rusiya liderlərinin bugünkü görüşdə təkcə regional problemlərin müzakirə olunmayacağı bildirilir.
Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-la münasibətlərin yaxşı olmadığını və Rusiyadan ikinci partiya “S-400” müdafiə sisteminin alınacağını açıqlaması, Vaşinqton-Ankara xəttində ildırım dolu buludların toqquşmasına səbəb oldu. Amma hər şeyə baxmayaraq, Ərdoğan-Putin görüşünün əsas gündəm maddəsi Suriya olacaq. Türkiyə və Rusiya vətəndaş müharibəsinin onuncu ilini yaşayan Suriyada tamamilə fərqli mövqelərdədir. Suriyada Bəşər Əsədin yanında olan Rusiya 2015-ci ildən meydana girərək vətəndaş müharibəsinin taleyini dəyişdi. İndi isə proses Türkiyənin mövqeyinin güclü olduğu İdlibdə düyünlənib.
Ankara və Moskva İdlibi bundan əvvəl də dəfələrlə müzakirə ediblər. Rusiya suriyalı müxaliflətin əlində olan son bölgəni Əsəd rejiminə təhvil verilməsini istəyir. Türkiyə isə eskalasiya zonası elan edilmiş İdlibə artan hava zərbələrindən narahatdır və milyonlarla insana təsir edəcək problemin hərbi yolla həllinə qarşıdır.
Gözlənildiyi kimi, Suriya ilə bağlı başqa bir mövzu YPG/PKK terror təşkilatının ölkənin şimalındakı fəaliyyəti olacaq.
Türkiyə 2019-cu ilin iyul ayında Rusiyadan raket alan ilk NATO ölkəsi oldu. Keçən il Sinopda ilk dəfə sınaqdan keçirilmiş 2.5 milyard dollarlıq “S-400”-lərə yeniləri əlavə olunacaqmı? ABŞ-ın yeni sanksiya təhdidlərinə baxmayaraq, Prezident Ərdoğan ikinci batareyanın alınacağını açıqlayıb. Yeni partiyanın alınacağı məsələsinin Soçidə masaya qoyulacağı dəqiqdir. Digər yandan, Rusiya mediası Türkiyənin Moskvadan “Su-35” və “Su-57” döyüş təyyarələri də ala biləcəyi ilə bağlı məlumat yayıb.
Kritik görüşdəki digər mövzulara Liviya, təbii qaz, Krım, Dağlıq Qarabağ və Əfqanıstan daxildir. Kreml dünən verdiyi açıqlamada iki lider arasında Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı gəlişmələrin və tərəflər arasındakı iqtisadi əlaqələrin görüşdə müzakirə ediləcəyini açıqlayıb. Bundan sonra daha bir açıqlama verən Kreml görüşdən sonra heç bir sənədin imzalamağın planlaşdırılmadığını bildirib.
“Kommersant” qəzeti liderlərin ilyarım sonra ilk dəfə üz-üzə görüşəcəyini yazıb. Liderlərin son 18 ayda koronavirus səbəbiylə video-konfrans və ya telefonla danışdıqlarını qeyd edən nəşr tərəflərin Suriyadan Liviyaya, Qafqazdan Əfqanıstana qədər fərqli problemlərlə üzləşdiyini bildirib.
Suriya lideri Bəşər Əsədin iki həftə əvvəl Moskvaya səfər etdiyini xatırladan qəzet Türkiyə və Rusiya arasındakı ən çətin mövzunun hələ də Suriya olduğunu yazıb. Nəşr ərəb mediasının İdlibi “Putin-Ərdoğan bölgəsi” adlandırdığını bildirib. Sentyabrın əvvəlindən etibarən Rusiya döyüş təyyarələrinin İdlibə 200-dən çox hava zərbəsi endirdiyini bildirən “Kommersant” dünən Xmeymimdəki rus bazasına pilotsuz təyyarə ilə edilən hücumun dəf edildiyini iddia edib.