1 Oktyabr 2021 14:58
1 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mixael Sakaaşvilinin Gürcüstana gəlməsi gözlənilirdi. Gürcüstanda üç gündür mitinqlər gedir. Sakaaşvili sözsüz ki, Qərbin adamıdır. Hazırda Gürcüstanı idarə edən İvanaşvili komandası Rusiyaya meyl edir. Bunun qarşısını alırlar. Hesab edirəm ki, Sakaaşvilinin gəlişi Gürcüstanı qarışdıracaq”.

Bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev Gürcüstanın sabiq prezidenti Mixael Sakaaşvilinin bu gün səhər saatlarında ölkəsinə qayıtması haqda xəbərləri şərh edərkən deyib.

Cümşüd Nuriyev əlavə edib ki, gürcülər ağıllı xalq olduğundan Gürcüstanda vətəndaş müharibəsi ehtimalı istisna edilir:

"Gürcüstanda siyasi tərəflər vətəndaş müharibəsi kimi ağır ssenariyə imkan verməyəcəklər. Amma orada erməni təxribatlarının olması mümkündür. Nəzərə almaq lazımdır ki, Sakaaşvilinin əleyhinə olan əsas layihələrə ermənilər başçılıq edir”.

Cümşüd Nuriyev bu gün səhər saatlarında Batumidən Gürcüstana daxil olan Sakaaşvilinin həbs ediləcəyini istisna edir:

“Əvvəla Sakaaşvili başqa ölkənin vətəndaşıdır. Onu həbs edə bilməyəcəklər. Prinsipcə, həbs edə bilərlər. Amma bu, Gürcüstana daha böyük bəlalar gətirər. Başqa bir dövlətin vətəndaşını və vəzifə sahibini həbs etmək çətindir. Ən pis halda Sakaaşvilini Gürcüstandan deportasiya edə bilərlər. Onu həbs etmək imkanı olmayacaq. Düşünürəm ki, Sakaaşvilinin arxasında həm də ABŞ və Avropa durur. Gürcüstan rəhbərliyinin düşünmədən addım atacağını istisna edirəm”.

Politoloq Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərində Sakaaşvilinin Vahid Milli Hərəkat partiyasının qalib gələcəyini də istisna etmir:

“Bu, Qafqazda yeni layihədir. Azərbaycan və Ermənistan arasında müharibə, Qafqazda şərtlərin dəyişməsi bir çox qüvvələri prosesdən kənara atıb. Sakaaşvili ola bilsin ki, bu fonda ölkəsinə qayıdıb. Amma bütün hallarda Gürcüstan ciddi problemlərlə üzləşəcək. Sakaaşvili Gürcüstana həm də problemlər gətirəcək”.


Müəllif: Nemət