1 Oktyabr 2021 20:19
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə insan haqlarını pozanlara, etirazçılara və fəallara işgəncə verən xüsusi yerlərin olmasına dair bütün ittihamları rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus liderinin özü CNN-ə müsahibəsində bildirib.

Bu kontekstdə Lukaşenko üzr istəyəcək bir şeyin olmadığını söyləyib, çünki onun fikrincə, bütün bu məlumatlar saxta və uydurmadır.

CNN-in müsahibə ilə bağlı iki dəqiqəlik təqdimat rolikində aparıcı deyir:

“Belarus Prezidenti Aleksandr Lukaşenko keçən il seçkilərdə qalib gəldikdən sonra müşahidə olunan insan haqları pozuntuları ilə bağlı geniş şəkildə yayılan məlumatları rədd etdi. CNN-ə onlarla müsahibədə etirazçılar və müxalifət fəalları sistematik döyülmələrdən milis dəyənəkləri ilə təcavüzə qədər müxtəlif işgəncələr haqqında danışdılar. Lukaşenko “Avropanın son diktatoru” kimi məşhurdur: təxminən 30 ildir prezident postunu tutur. CNN-in müxbiri Metyu Çansa verdiyi eksklüziv müsahibədə onun rejimi dövründə əziyyət çəkənlərdən üzr istəmək istəyib-istəmədiyini soruşanda qəzəbləndi”.

- Siz bu fürsətdən istifadə edib insan haqları pozuntularına görə əziyyət çəkən Belarus xalqından üzr istəmək istəyirsinizmi?

Aleksandr Lukaşenko: Xeyr, mən bu fürsətdən istifadə etmək istəməzdim. Əgər istəsəm bunu Belarus KİV-ləri qarşısında edərəm. Onlar bizdə hətta çox yaxşıdırlar. Bunu CNN-in qarşısında etməyin nə mənası var? Uyğun bir sual verdiyinizi düşünmürəm. Prinsipcə mənim üzr istəyə biləcəyim bir şey yoxdur.

- Siz üzr istəyəcəyiniz bir şey olmadığını iddia edirsiniz, lakin “Human Rights Watch” bildirir ki, bir çox məhkumlar sümüklərinin sındırıldığını, dişlərinin çıxararıldığını, kəllə-beyin travmaları və elektrik yanıqları aldıqlarını söyləyir. “Amnesty International” etirazçıların çılpaq halda palçığa atıldığı işgəncə kameralarına çevrilmiş təcridxanalar haqqında yazır və milis onları dəyənəklə təpikləyib döyür. Düşünmürsünüz ki, buna görə üzr istəməyə dəyər?

Aleksandr Lukaşenko: Bilirsiniz, bizdə “Quantanamo” və ya ABŞ-ın və sizin ölkənizin Şərqi Avropada qurduğu bazalar kimi bircə təcridxanamız yoxdur. Bizim məhkumları və cinayət işləri üzrə fiqurantları saxladığımız təcridxanalarımıza gəldikdə, onlar Britaniya və ABŞ-dakılardan daha pis deyil. Mən sizə təminat verirəm. Mən sizə bəzi efemer hüquq-müdafiə təşkilatlarının bəzi fikirlərini və açıqlamalarını deyil, konkret faktları müzakirə etməyə dəvət edirəm.

– Mən “Human Rights Watch” və “Amnesty International”ın şübhəli təşkilatlar olduğunu düşünmürəm, onlar insan hüquqları aktivizminin qlobal standartıdır. Və bu iddiaların şahidləri var. Sizin həbs düşərgələrinizdə və təcridxanalarınızda olan keçmiş məhkumlar – həm kişi, həm də qadınlar – təcavüz və təcavüzə təhdid də daxil olmaqla seksual xarakterli zorakılıqla üzləşdiklərini söyləyirlər. Belə çıxır ki, siz bütün bunların uydurma olduğunu söyləmək istəyirsiz? Bütün bunlar saxtadır?

Aleksandr Lukaşenko: Sizin qeyd etdiyiniz hər şey feykdir və uydurmadır. Mən bunun saxta və uydurma olduğuna zəmanət verirəm.

Qeyd edək ki, müsahibə oktyabrın 1-də efirə gedəcək.


Müəllif: Səxavət Həmid