4 Oktyabr 2021 11:48
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın paytaxtı Kabildə Taliban qüvvələri ilə İŞİD terror təşkilatı üzvləri arasında qarşıdurma baş verib.

Teleqraf.com xəbər verir ki, Taliban sözçüsü Zabihullah Mücahid Kabildə terror təşkilatına qarşı əməliyyat keçirildiyini açıqlayıb.

Əməliyyatda İŞİD bunkerinin məhv edildiyini bildirən Mücahid sığınacaqdakı təşkilat üzvlərinin də öldürüldüyünü söyləyib.

Şahidlər ötən gecə Kabildə İŞİD üzvləri ilə Taliban qüvvələri arasında baş verən qarşıdurma zamanı partlayış səslərinin eşidildiyini iddia ediblər. Dünən axşam Kabildə bir məscidin girişində bomba partlaması nəticəsində 5 nəfər həyatını itirib.

Taliban Əfqanıstanı ələ keçirəndən sonra İŞİD hücumlarını artırıb.

Avqustun 27-də hava limanında törədilən terror aktında 13-ü ABŞ əsgəri olmaqla ən azı 170 nəfər həyatını itirib. 18-19 sentyabr tarixlərində İŞİD-in Əfqanıstandakı qalası sayılan Cəlalabadda törətdiyi terror aktı nəticəsində 4 nəfər ölüb.

Taliban İŞİD-in Əfqanıstan üçün böyük təhlükə yaratmadığını və terror təşkilatlarının ölkədə fəaliyyət göstərməsinə icazə verilməyəcəyini bəyan edib.


Müəllif: Mənsur Rəğbətoğlu