17 Oktyabr 2021 15:39
8 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Mərkəzi Bankının keçmiş rəhbəri Vəliyullah Seyf valyuta bazarındakı pozucu fəaliyyətlərinə görə 10 il, müavini Əhməd Əraqçı isə 8 il həbs cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin sözçüsü Zəbihullah Xudaiyan dövlət televiziyasına verdiyi açıqlamada bildirilib.

O, 2017-ci ildə 160 milyon dollar və 20 milyon avronun qeyri-rəsmi olaraq valyuta bazarına daxil edilməsi ilə bağlı başlayan məhkəmə prosesində yekun qərarın verildiyini söyləyib.

Xudaiyan qeyri-rəsmi olaraq valyuta bazarına pul daxil etmək və bazarın fəaliyyətlərini pozmaq ittihamları ilə mühakimə olunan Mərkəzi Bankın keçmiş rəhbəri Seyfin 10 il, müavini Əraqçının isə 8 il həbs cəzası aldığını bildirib.

Xudaiyan eyni iş üzrə mühakimə olunan keçmiş prezident Həsən Ruhaninin ofisində məsləhətçi olaraq işləyən Meysəm Xudayinin 5 il, iş adamı Salar Ağaxaninin isə 13 il müddətinə azadlıqdan məhrum edildiyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu