19 Oktyabr 2021 18:14
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bizli aclıq təhlükəsi və onun bəşəriyyət üçün təhlükəsi ilə mübarizə məqsədilə “Tesla” və “SpaceX” kompaniyalarının banisi İlon Maskdan 6 milyard dollar istəyib.

Teleqraf.com xəbər verir ki, Devid Bizli özünün “Twitter” səhifəsində amerikalı sahibkara müvafiq xahişlə müraciət edib: “Bu il 42 milyon insan aclıq astanasına çatıb. Misli görünməmiş qlobal böhran COVID-19 pandemiyası səbəbindən kəskinləşib. Buna cavab verməsək, bizi aclıq, qeyri-sabitlik və kütləvi miqrasiya gözləyir. İlon Mask, siz təkcə dünən 6 milyard dollar qazandınız - bu, fəlakətin qarşısını almaq üçün lazım olan məhz həmin məbləğdir! Xahiş edirəm, kömək göstərin!”.

İyul ayında BMT-nin Ümumdünya Ərzaq Proqramı, həmçinin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı cari ilin avqust ayından noyabradək dünyanın 28 dövlətinin ərazisinə daxil olan 23 regionda ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətin pisləşəcəyi ilə bağlı məruzə dərc etmişdi. Bu siyahıya Əfqanıstan, Haiti, Şimali Koreya, Kolumbiya, Myanma, Nigeriya, Suriya, həmçinin Afrika, Yaxın Şərq və Mərkəzi Amerikanın bir sıra ölkəsi daxildir.

Sənədə əsasən, 2020-ci ildə dünyada təxminən 155 milyon insan kəskin qida təhlükəsizliyi problemləri ilə üzləşib ki, bu da 2019-cu illə müqayisədə 20 milyon nəfər çoxdur. Hazırda 41 milyondan çox insanın təcili humanitar yardıma ehtiyacı var, əks halda onlar aclıqla üzləşə bilər.


Müəllif: Teleqraf.com