22 Oktyabr 2021 09:21
3 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Radikal “Taliban” hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirər-keçirməz dünya mediasının gündəminə gələn ölkələrdən biri də Tacikistan oldu.

Teleqraf.com bildirir ki, bu da təsadüfi deyil. Məsələ ondadır ki, Tacikistan Əfqanıstanın şimalda həmsərhəd olduğu 3 postsovet ölkəsindən (digərləri Türkmənistan və Özbəkistandır) biridir.

Əfqanıstan çoxmillətli ölkədir. “The Asia Foundation” beynəlxalq inkişaf təşkilatı tərəfindən 2018-ci ildə aparılan sosioloji araşdırmaya görə, taciklər ölkə əhalisinin 23 faizini təşkil edirlər. Birinci yerdə isə təbii ki, puştular dayanır (ölkə əhalisinin 50 faizi).

Say etibarilə götürdükdə, 2018-ci ilin siyahıyaalmasına əsasən deməliyik ki, dünyada 20 milyondan artıq tacik yaşayır. Bu da maraqlı faktdır ki, Əfqanıstanda yaşayan taciklərin sayı Tacikistanda yaşayan taciklərin sayından çoxdur. Belə ki, Əfqanıstanda 10-14 milyon, Tacikistanda isə 9 126 600 nəfər əhali yaşayır.

Bu ilin mayında ABŞ-ın başçılığı altında koalisiya qüvvələri Əfqanıstandan çəkilməyə başladıqda ilk olaraq Tacikistan Əfqanıstanla sərhəddə vəziyyətin gərginləşdiyini bəyan etdi. “Taliban” isə öz növbəsində Tacikistanla sərhəddə nəzarəti hissə-hissə nəzarət altına aldığı barədə məlumatlar yayırdı. Tacikstanın coğrafi yerləşməsi (bunu aşağıdakı xəritəyə baxdıqda da görmək olur) ölkənin Əfqanıstanla uzun sərhədinin yaranmasını şərtləndirib.Tacikistan. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 2001-ci ildə tərtib etdiyi xəritə

Tacikistanın ərazisi cəmi 142 min kv.² km-dir. Ancaq Əfqanıstanla dövlət sərhədinin ümumi uzunluğu 1344,15 kilometrdir. Bunlardan çay sərhədi 1135,3 kilometr, quru sərhədi 189,85 kilometr və göl sərhədi 19 kilometrdir. Dövlət sərhəd xətti əsasən Amudəryanın sol qolu olan Pənc çayı boyunca uzanır. Onu da qeyd edək ki, bəzən “MDB və postsovet məkanının cənub sərhədi” adlanan Tacikistan-Əfqanıstan sərhədi yüksək dağlıq, əlverişsiz relyefə malik ərazilərdən keçir və zəif qorunur. İki ölkə arasındakı sərhədin qorunmayan hissələri həm Tacikistan və Əfqanıstan hökumətləri, həm də beynəlxalq ictimaiyyət üçün ciddi problemdir. Çünki bu sərhəd Əfqanıstandan Rusiya və Avropaya narkotik tədarükünün əsas yoludur.

Tacikistan Prezidenti Emomali Rahmon və Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai Aşağı Pənc çayı üzərində körpünü açırlar, 26 avqust 2007-ci il

Tacikistan və Əfqanıstan arasında bu qədər kəsişən nöqtələrin, pozitiv və neqativ məqamların olmasına baxmayaraq rəsmi Düşənbə 2021-ci ilin avqustunda Əfqanıstanda qurulan hökuməti (Əfqanıstan İslam Əmirliyi) tanımaqdan imtina edir. Tacikistan bu gün Mərkəzi, Ön və Şərqi Asiyanın yeganə ölkəsidir ki, rəsmi Kabillə hər hansı kontakt qurmaqdan israrla imtina edir.

Tacikstan regionda "Taliban"ı israrla iqnor edən yeganə ölkədir

Bütün bu məqamlar Tacikistanı dünya, o cümlədən Azərbaycan oxucusu üçün maraqlı ölkəyə çevirib. Beləliklə, Tacikistanı daha yaxından tanıtmaq üçün bu ölkə haqqında topladığımız 8 faktı təqdim edirik.

1) MDB ölkələrinin əksəriyyətinin əhalisi zəlzələ yaşamasa da praktik olaraq hər bir tacik yerin ayaqlar altında titrəməsinin yaratdığı dəhşətli hisslərdən xəbərdardır. Tacikistan seysmik cəhətdən çox aktiv ərazidə yerləşir. Məsələn, 1949-cu ildə Hait bölgəsində baş verən zəlzələ tarixin ən güclü zəlzələlərindən biridir. Bu zəlzələ 33 kəndi tamamilə məhv edib və təxminən 30 min adamın həyatına son qoyub.

2) Yuxarıda qeyd etdiyimiz kimi təəssüf ki, Tacikistan Əfqanıstanla sərhədi olduğuna görə yaxşı reputasiyaya malik deyil. Bu qonşuluq nəticəsində Əfqanıstandan cinayətkar elementlər və təhlükəli maddələr Tacikistana, daha sonra isə Rusiya və Avropaya “tranzit” edilir.

3) Sovet dövrü çoxdan keçsə də rus dili ölkədə rəsmi dillərdən biridir. Məhz bu səbəbdən “daha yaxşı həyat” axtarışı ilə Rusiyaya köçən miqrantlar dərhal iş tapa bilir.

Pandemiyadan əvvəl Rusiyada 1 milyondan artıq tacik miqrant var idi. Sərhədlər bağlandıqdan sonra onların əksəriyyəti ölkələrinə qayıtmalı oldular. 2021-ci ilin statistikasına görə RF vətəndaşlığı alanlar arasında da taciklər birinci yerdədir.

4) Tacikistanın özünün ənənəvi gözəllik standartları mövcuddur. Belə ki, bu ölkədə çatma qaşların çox estetik olduğu hesab edilir. Məhz buna görə də bir çox tacik qadınları və qızları qaşlarını çəkmirlər və əgər onlar genetik olaraq çatmaqaş deyillərsə, qaşlar arasındakı məsafəni kosmetik vasitələrlə rəngləyirlər.

Çatmaqaşlıq Tacikistanda gözəllik standartı hesab olunur

5) Yuxarıda qeyd etdiyimiz kimi dünyada 20 milyondan çox tacik var, onlardan yalnız 9 milyonu Tacikistanda yaşayır. Müqayisə üçün deyək ki, dünyada taciklərin sayı estonların, latışların və litvalılardan ümumi sayından dörd dəfə çoxdur.

Hissar rayonunda (bu rayon Hissar qoyun cinsi ilə məşhurdur) toy mərasimi, 2011-ci il

6) Düşənbə həftənin gününün şərəfinə belə adlandırılıb. Belə ki, tacik dilindən “Düşəmbə” “bazar ertəsi” kimi tərcümə olunur. Bu ad ona görə seçilib ki, şəhər kiçik bir kəndin yerində böyüyüb. Bu kənddə hər bazar ertəsi yarmarka keçirilirmiş və bütün qonşu kəndləri özünə cəlb edirmiş.

"Düşəmbə" tacik dilində "bazar ertəsi" deməkdir

Düşəmbə kəndi haqqında ilk məlumat XVII əsrin birinci rübünə aiddir. 1924-1929-cu illərdə şəhər rus dilində rəsmi olaraq Düşəmbə adlanıb. 16 oktyabr 1929-cu ildə İosif Stalinin şərəfinə Stalinabad adlandırılıb. 1961-ci ildə Düşənbənin tarixi adı şəhərə qaytarılıb.

7) Tacikistan dünyanın ən qeyri-bərabər relyefinə malikdir, ölkə ərazisinin 90%-dən çoxu dağlar və təpələrdir.

Keçmiş SSRİ-nin ən uca nöqtəsi olan Kommunizm piki. Pamir dağları, hündürlüyü 7495 metr. Hazırda İsmail Simoni piki adlanır

8) Tacikistan MDB-nin ən kasıb ölkəsidir. Belə ki, burada bir nəfərin orta illik gəliri 833 dollardır. Məsələn, Rusiyada bu rəqəm demək olar ki, 12 dəfə çoxdur və 2020-ci ilin statistikasına görə 9 972 ABŞ dollarına bərabərdir.


Müəllif: Səxavət Həmid