23 Oktyabr 2021 22:58
1 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Əfqanıstan əməliyyatları üçün Pakistanın hava sahəsindən istifadəsinə dair İslamabadla rəsmi razılaşmaya yaxın olduğu iddia edilsə də, Pakistan Xarici İşlər Nazirliyi belə bir anlaşmanın olmadığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, CNN-nin rəsmi mənbəyə istinadən yaydığı məlumatda ABŞ Prezidenti Co Baydenin konqresmenlərlə keçirdiyi gizli görüşdə Vaşinqton və İslamabadın Pakistanın hava sahəsindən hərbi və kəşfiyyat əməliyyatları üçün istifadəsinə dair rəsmi razılaşmaya yaxın olduğu bildirilib.

Bunun müqabilində Pakistanın ABŞ-dan terrorizmlə mübarizədə yardım üçün anlaşma memorandumunun imzalanmasını tələb etdiyi və Vaşinqtondan Hindistanla münaqişədə dəstək verməsini istədiyi iddia edilib. Bununla yanaşı, iki ölkənin danışıqları davam etdirdiyi və müqavilənin şərtlərinin dəyişə biləcəyi də deyilib. Bu məsələnin ABŞ rəsmilərinin Pakistana son səfəri zamanı müzakirə olunduğu iddia olunub. Amma bunun müqabilində Pakistanın nə istədiyi və ABŞ-ın bununla bağlı qərarının nə olduğu hələ məlum deyil.

Pakistan Xarici İşlər Nazirliyindən "Anadolu"ya verilən açıqlamada isə ABŞ-la belə bir razılaşmanın olmadığı bildirilib. Açıqlamada Pakistan və ABŞ-ın regional təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində uzunmüddətli əməkdaşlığa malik olduğu və iki tərəfin mütəmadi olaraq məsləhətləşmələr aparmağa davam etdiyi qeyd edilib.

Pakistan Baş naziri İmran Xan ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra Vaşinqtona bu ölkədəki əməliyyatları üçün baza verməyəcəyini demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu