24 Oktyabr 2021 16:12
1 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın mərhum prezidenti Con Kennedinin öldürülməsi ilə bağlı bəzi gizli sənədlər dekabrın 15-də, qalanları isə bir il ərzində açıqlanacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin imzası ilə Ağ Evdən verilən açıqlamada deyilib.

Sözügedən sənədlərin redaktəsinin dekabrın 15-də tamamlanacağının gözlənildiyi və qalan sənədlərin açıqlanmağa hazır olması üçün ABŞ Milli Arxiv və Qeydlər İdarəsinə (NARA) əlavə bir il vaxt veriləcəyi bildirilib.

İndiyədək olan gecikməyə səbəb kimi NARA-nın koronavirus pandemiyası səbəbindən sənədlərin redaktəsini tamamlaya bilməməsi göstərilib.

NARA-da sənədlərin 90 faizini təşkil edən 250 min sənədin olduğu deyilib.

ABŞ prezidenti Con Kennedi 1963-cü il noyabrın 22-də seçki ilə əlaqədar getdiyi Texasda sui-qəsd nəticəsində öldürülüb. Ali Məhkəmə tərəfindən aparılan araşdırmada sui-qəsdi həyata keçirən Li Harvi Osvaldın təkbaşına hərəkət etdiyi qənaətinə gəlinib. Lakin istintaqın natamam olduğu iddiası ilə tənqid edilib və sonradan Konqresdə yaradılmış komissiya bu sui-qəsdin yüksək səviyyədə planlaşdırıldığını bəyan edib.

NARA 1992-ci ildə sui-qəsdlə əlaqədar gizli olmayan bir sıra sənədlər yayımlayıb. Sabiq prezident Donald Tramp isə 2017-ci ildə bununla bağlı minlərlə məxfi sənədi açıqlayıb, bəzilərini isə milli təhlükəsizlik səbəbiylə gizli saxlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu