25 Oktyabr 2021 14:32
2 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tvitter sosial şəbəkəsinin qurucusu və baş direktoru Cek Dorsi ABŞ və bütün dünyaya təsir edəcək hiperinflyasiyanın gəldiyini iddia edib.

Teleqraf.com xəbər verir ki, o, bütün dünyada iqtisadi durumun daha da pisləşəcəyini söyləyib.

“Hiperinflyasiya hər şeyi dəyişəcək”, - Dorsi deyib.

İddia ABŞ-da istehlakçı inflyasiyasının son 30 ilin ən yüksək həddinə yaxınlaşması və problemin daha da artacağı ilə bağlı narahatlıqlar fonunda irəli sürülüb.

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauell də əvvəlki gün verdiyi açıqlamada Amerikada iqtisadi canlanmanın qeyri-sabit olduğunu və inflyasiyanın qalıcı ola biləcəyini söyləyib. Pauell bildirib ki, hazırkı yüksək inflyasiya dərəcələri gələcəkdə həddindən artıq yüksək inflyasiya gözləntisinə gətirib çıxarır.

İnflyasiyanın artmasına səbəb olan qlobal tədarük zənciri fasilələrinin gözlənildiyindən daha uzun davam edə biləcəyini bildirən Pauell bu durumun gələn ilə qədər davam edəcəyini açıqlayıb.

Hiperinflyasiya inflyasiyanın ildə 200 faizdən çox olmasıdır. Dünya tarixində indiyədək 58 hiperinflyasiya dövrü olub. Bu gün bunun ən bariz nümunəsini Venesuelada görmək olar.


Müəllif: Mənsur Rəğbətoğlu