25 Oktyabr 2021 13:30
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada “Biblio-Qlobus” Kitab Evində Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (ABEA), Rusiya Ədəbiyyatçılar Cəmiyyəti və “Literaturnaya qazeta”nın birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, iki hissədən ibarət olan tədbirin birinci hissəsində “Rusiya və Azərbaycanın mədəni ənənələrinin humanist ideyaları və müasir dövrün çağırışları” adlı dəyirmi masa baş tutub. Tədbirin bədii xarakter daşıyan ikinci hissəsində isə azərbaycanlı və rus şairlərinin müsabiqələrdə yer tutan şeirləri, eləcə də Azərbaycan xalq mahnılarını, Nizaminin sözlərinə bəstələnmiş mahnılar dinlənilib.

Dəyirmi masada Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, ABEA İdarə Heyətinin sədri Elçin Əsgərov, AMEA-nın akademiki filoloq alim Teymur Kərimli, Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfzadə, Rusiya tərəfdən isə RF Xarici İşlər Nazirliyinin, Moskva Dövlət Universitetinin, təşkilatçı qurumların rəhbərləri müxtəlif ictimai qurumların nümayəndələri, gənc şairlər iştirak ediblər. Tədbirdə tək hər iki ölkənin ədəbi irsi deyil, Rusiya və Azərbaycan arasında humanitar əməkdaşlığın ümumi aspektləri də müzakirə edilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək, Rusiya oxucularında Nizami yaradıcılığına marağı artıracaq müzakirələrin baş tutduğunu nəzərə çatdırıb, bu cür tədbirlərin hər iki ölkədə humanitar sahələrdə çalışanlar arasında yeni əlaqələrin qurulmasına yardım edəcəyinə ümidini ifadə edib.

ABEA-nın İdarə Heyətinin sədri Elçin Əsgərov tədbir iştirakçılarını salamlayaraq və Nizami yaradıcılığına toxunaraq bildirib ki, o, millətlərüstü şair, dünya mədəni irsinə məxsus şəxs olsa da, o, məhz Azərbaycan xalqının yetirməsidir və bu böyük şairin məhz Azərbaycan mədəni irsi nümayəndəsi kimi geniş elmi şəkildə araşdırılması ilk dəfə Rusiya tarix elminin təsiri ilə baş verib.

Yazıçı və naşir Qeorqiy Pryaxin bugünkü dünyada mədəniyyətinin, xüsusilə, ədəbiyyatın oynadığı roldan bəhs edərək, bu cür tədbirlərin böyük humanist əhəmiyyətini vurğulayıb. “Biblio-qlobus” kitab evinin Baş direktoru Boris Yesenkin Rusiya-Azərbaycan dialoqunun “Yazan, rəsm çəkən, danışan şəxslər” səviyyəsində dialoqunun aparılmasının vacibliyini qeyd edib.

Moskvada fəaliyyət göstərən Azərbaycan icmasının sədri Şamil Tağıyev Rusiyanın paytaxtında hər il gənc şairlərin festivalının keçirildiyini bildirərək, bu ilki tədbirin Nizami Gəncəviyə həsr edildiyini nəzərə çatdırıb, o cümlədən, gələcəkdə Azərbaycanda rus və azərbaycanlı şairlərin iştirakı ilə yaradıcı gecələrin, müsabiqələrin keçirilməsini planlaşdırıldığını bildirib.

Tədbirdə həmçinin “Liyeraturnaya qazeta”nın baş redaktoru Maksim Zamşev, Rusiya Ədəbiyyat Cəmiyyətinin sədri Aleksandr Çistyakov, eləcə də Azərbaycandan və Rusiyadan olan başqa alim və jurnalistlər çıxış ediblər.

Tədbirdə Rusiya və Azərbaycan arasında humanitar və mədəni sahələrdə əməkdaşlıq istiqamətində təkliflər barədə qərarlar da qəbul edilib. Tədbir nahardan sonra keçirilən bədii hissə ilə başa çatıb.


Müəllif: Nemət