25 Oktyabr 2021 14:58
1 962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taliban hərəkatının nümayəndələri Əfqanıstanın qadın voleybolçulardan ibarət gənclər komandasının üzvü Mahjubin Hakimini edam ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Persian Independent” xəbər yayıb.

Mənbənin sözlərinə görə, qızın qətli hələ oktyabrın əvvəlində məlum olsa da baş vermiş hadisə gizli saxlanılıb.

M.Hakiminin doğmaları da təhdid edildikləri üçün susmağa üstünlük veriblər. Beynəlxalq Voleybol Federasiyası (FIVB) nəşrə hazırda situasiya ilə bağlı “təcili izahat axtardığını” bildirib.

Beynəlxalq Voleybol Federasiyasının daha sonra yaydığı açıqlamada deyilir ki, federasiya M.Hakiminin faciəli ölümü ilə bağlı bir sıra KİV-lərdə yayılan xəbərlərdən şoka düşüb və dəhşətə gəlib.

“Ancaq qeyd etmək lazımdır ki, onun ölümünün əsl səbəbi ilə bağlı ziddiyyətli məlumatlar var. Bu səbəbdən FIVB aydınlıq axtarmağa davam edir”, - deyə açıqlamada qeyd olunur. Təşkilat eyni zamanda hər cür zorakılığı şiddətlə qınayıb və hər kəsin qorxu, qərəz və hədə-qorxu olmadan idmanla məşğul olma haqqının olduğunu vurğulayıb.

Oktyabrın 15-də Beynəlxalq Futbol Federasiyası (FİFA) Əfqanıstandan 100 nəfəri evakuasiya edib. Təşkilatdan bildirilib ki, söhbət “futbol ailəsinin nümayəndələri”ndən, o cümlədən qadın oyunçulardan gedir. FİFA bu istiqamətdə göstərdiyi köməyə görə Qətər hakimiyyətinə təşəkkür edib. Onlarla birlikdə Kabildən Dohaya təhlükəsiz uçuş təşkil edilib.

Sentyabrın ortalarında taliblərin ölkədə qadınların idmanla məşğul olmasını qadağan etmək niyyətində olduğu barədə məlumat yayılmışdı. Yaraqlıların fikrincə, məşqlər həyati zərurət deyil. Məsələ ilə bağlı yekun qərar hələ verilməyib.

Avqustun 15-də Taliban Əfqanıstanda hakimiyyətə yiyələndiyini elan edib. Taliblər ölkə paytaxtı Kabilə nəzarəti döyüşsüz ələ keçirib. Bundan sonra bəzi əfqan idmançılar ölkəni tərk edə bilmələri üçün beynəlxalq idman təşkilatlarına müraciət ediblər.


Müəllif: Səxavət