25 Oktyabr 2021 18:55
2 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Dünya Qida Proqramı Əfqanıstanın dünyada sürətlə ən böyük insan böhranına sürükləndiyinə dair xəbərdarlıq edir.

Teleqraf.com xəbər verir ki, Dünya Qida Proqramı nəğd pul axınının kəsildiyi, fondların dondurulduğu Əfqanıstanda gələcək ay əhalinin 60 faizinin yetərli qidaya çıxışının olmayacağını vurğulayaraq təcili tədbirlər görülməsinə dair çağırış edib.

Qeyd edək ki, Taliban hərəkatının avqust ayında Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən dərhal sonra qida və maliyyə böhranı yaranıb. Səbəb isə beynəlxalq fondların Əfqanıstanla fəaliyyətini dayandırması sayəsində iqtisadiyyatın sürətlə pisləşməsidir.

Ölkədə bir milyon uşaq aclıq səbəbindən ölüm riski ilə üz-üzədir.

BBC-yə danışan bəzi əfqan ailələr isə deyib ki, yaşca böyük uşaqlarına yemək almaq üçün azyaşlı uşaqlarını satıblar.

Dünya Qida Proqramının direktoru David Bisli 39 milyon əhalisi olan Əfqanıstanda 22,8 milyon insanın sürətlə aclığa doğru irəlilədiyini bildirib. Qeyd edək ki, bu rəqəm 2 ay əvvəl 14 milyon olub.

“Uşaqlar öləcək, insanlar qıtlıq yaşayacaq. Vəziyyət daha pis istiqamətdə gedəcək”, - Dünya Qida Proqramının direktoru deyib.


Müəllif: Nemət