27 Oktyabr 2021 10:21
9 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş (2004-2013) prezidenti, Odessa vilayət dövlət administrasiyasının sədri, Ukrayna Milli İslahat Şurasının icraçı komitəsinin başçısı (2015-2016) və ölkənin keçmiş prezidenti Petro Poroşenkonun müşaviri Mixail Saakaşvili yenidən gündəmdədir.

Teleqraf.com xəbər verir ki, M.Saakaşvili iki səbəbdən gündəmə gəlib:

1) O, sentyabr ayında vətəndaşı olduğu Ukraynanı tərk edərək Batumiyə, oradan isə Tbilisiyə gəlib. Burada yaşayış evlərinin birində həbs olunub.

2) Mixail Saakaşvilinin yenidən ailə qurduğu barədə məlumat yayılıb. Məlumata görə, M.Saakaşvili Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” partiyasından olan deputatı Yelizaveta Yasko ilə evlənib. Bu da maraqlıdır ki, M.Saakaşvilinin boşanması barədə məlumatlar ictimailəşdirilməyib. Eyni zamanda M.Saakaşvilinin həbsindən az sonra onun həyat yoldaşı Sandra Rulofs (onların rəsmən boşanması barədə açıq informasiya yoxdur) sosial şəbəkədə ərinin Gürcüstana qayıtmaqla cəsarət göstərdiyini yazıb. Yəni, belə bir qeyri-müəyyən vəziyyət yaranıb.

Saakaşvili "ikinci baharı" – Ukrayna Ali Radasının hakim partiyadan olan deputatı Yelizaveta Yasko ilə. 2021-ci il

Mixail Saakaşvili, sözsüz ki, fərqli, tarixi fiqurdur. O, Gürcüstan tarixinə yeni yollar salan, görməli tarixi yerləri, müqəddəs məkanları, kilsələri bərpa edən, korrupsiya və rüşvət problemini aradan qaldıran, tibb sahəsində ciddi islahatlar aparan adam kimi düşüb... Təəssüf ki, Saakaşvili eyni zamanda Gürcüstan tarixində Cənubi Osetiyanı itirən prezident kimi qalacaq.

Vladimir Putin və Mixail Saakaşvili Novo-Oqaryovo rezidensiyasında. 22 fevral 2008-ci il

Gürcüstanın eks-prezidentinin siyasi karyerası boyunca onun yanında yalnız bir qadın olub ki, bu da Sandra Rulofsdur. Gürcüstanın keçmiş birinci xanımı kimdir və o bu ölkəyə necə gəlib düşüb?

Teleqraf.com bu günlərdə gündəmdə olan Sandra Rulofsla bağlı hazırladığı məqaləni təqdim edir.

Flamand əsilli Sandra Rulofs Niderlandın cənub-qərbindəki kiçik Ternezen şəhərində anadan olub. Şəhərin əhalisinin sayı cəmi 50 min nəfərdir. O, bir neçə il – 2008-2015-ci illərdə Gürcüstan vətəndaşı olub, lakin yeni hökumətin dövründə əri ilə birlikdə Gürcüstan pasportundan məhrum edilib. 2015-ci ildə yenidən əri ilə birlikdə Ukrayna vətəndaşlığı alıb.

Saakaşviliyə müxtəlif cür münasibət bəsləmək olar, ancaq Sandra Rulofsun heyrətamiz bir qadın olduğunu qəbul etməmək mümkün deyil. O, nə az, nə çox, düz 9 dil bilir. Doğma holland dili ilə yanaşı bu dillər arasında fransız, ingilis, alman, gürcü, rus, Ukrayna, polyak və hətta meqrel dili (Gürcüstanın şimal-qərbində yaşayan və sayları 500 min nəfər olan meqrellərin dili) də var.

S.Rulofs Beynəlxalq Qırmızı Xaç Komitəsində işləyib, Strasburqdakı Beynəlxalq İnsan Haqları İnstitutunda dərs deyib, hətta bir müddət Tbilisi Dövlət Universitetində fransız dilindən dərs verib.

İstedadlı və son dərəcə ağıllı qadın, demək olar 30 ilə yaxındır ki, ərinin yanında olub, onu hər şeydə dəstəkləyib – onun imicini yaratmağa kömək edib, onun köməyi ilə ekspressiv siyasətçi gürcü seçicilərinin etimadını qazana bilib. Nəhayət, və ona iki övlad bəxş edib.

Onlar necə tanış olublar?

Tanışlıq 1993-cü ildə baş tutub: Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunu bitirən gənc Saakaşvili (o zaman 26 yaşında idi) Strasburqdakı Beynəlxalq İnsan Haqları İnstitutunda təhsil almaq üçün qrant əldə edir. Perspektivli gənc müəllim Sandra həmin vaxt orada hüquq kursundan mühazirə deyirdi.

Saakaşvili və Obama cütlüyü. Nyu-York, 23 sentyabr 2009-cu il.

Ümumi mövzu tez tapılır – Sandra o vaxta qədər Gürcüstanda olmağa nail olmuşdu. O, humanitar missiya ilə Kutaisiyə getmişdi. Onlar tezliklə evlənirlər və Saakaşvilinin təhsilini davam etdirdiyi Nyu-Yorka köçürlər. M.Saakaşvili Kolumbiya Universitetində hüquq üzrə magistr dərəcəsi alır, Rulofs isə yenə də müəllimliklə məşğul olur.

Onlar Gürcüstana yalnız 1995-ci ildə – Mixail Saakaşvili siyasi karyerasına başlayanda qayıdıblar.


Müəllif: Səxavət Həmid