27 Oktyabr 2021 18:25
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın neft naziri Cavad Oruci kiberhücum səbəbindən yanacaq böhranı və yanacaqdoldurma məntəqələri qarşısında yaranan uzun növbələrə görə xalqdan üzr istəyib.

Teleqraf.com xəbər verir ki, İranda dünən yerli vaxtla saat 13.00-da ölkə daxilində yanacaqdoldurma məntəqələrinə edilən kiberhücum nəticəsində yanacaq satışı həyata keçirilə bilməyib.

İranın Milli İnternet Mərkəzi ölkənin yanacaq paylama sisteminə kiberhücum edildiyini təsdiqləyib.

Nazir bu gün dövlət televiziyasına verdiyi açıqlamada ölkə daxilində 3000 yanacaqdoldurma məntəqəsində benzinin sərbəst qiymətə satıldığını bildirib: “Ucuz benzin almaq üçün istifadə edilən benzin kartları ilə bağlı problem bir-iki günə həll ediləcək. Mütəxəssis qruplarımız problemin həlli üçün çalışır”.

İran Prezidenti İbrahim Rəisi paytaxt Tehrandakı yanacaqdoldurma məntəqələrini ziyarət edib. O, stansiyalarda gözləyən insanlara səbirlərinə görə təşəkkür edib, daha sonra son vəziyyəti araşdırmaq üçün Neft Nazirliyinə gedib. Nazirliyə səfəri zamanı danışan Rəisi “Dövlət qurumları düşmənin hər cür hücumuna hazırlıqlı olmalıdır” deyib.


Müəllif: Yeganə Oqtayqızı