28 Oktyabr 2021 11:33
1 968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin lazım olacağı təqdirdə İraq və Suriyaya göndərilməsi təklifi ötən gün bu ölkənin parlamentində səsə qoyularaq qəbul edilib.

Teleqraf.com xəbər verir ki, təklif təsdiqləndikdən sonra sərhəd xəttində hərəkətlənmə başlayıb.

Türkiyə ordusunun son aylarda Suriyaya ən böyük yük daşımaları həyata keçirdiyi, hərbi konvoyların İdlib və Təl-Abyada doğru hərəkət etdiyi bildirlib.

Məlumata görə, gecə saatlarında 200-dən çox zirehli texnika sərhədi keçərək bir saat ərzində İdlibə çatıb. Cəbhə xəttinin gücləndirilməsi məqsədilə hazır beton bloklar da ötən gün yük maşınları ilə İdlibə göndərilib.

Rusiya ilə imzalanan Soçi razılaşması ilə müəyyən edilən sərhəd xəttinin o biri tərəfində minlərlə rejim hərbi qüvvəsi və İranın dəstəklədiyi terrorçu qruplaşmalar var. Rusiyanın dəstəyi ilə İdlibi zaman-zaman bombardman edən bu qruplaşmalar həm dinc əhalinin ölümünə səbəb olur, həm də Türkiyəyə köç etmək üçün təzyiqləri artırır.

İdlibdən başqa ağır daşınmaların yaşandığı digər nöqtə Təl-Abyad olub. Təl-Abyadın cənubunda yerləşən Ayn İsa qəsəbəsi hələ də PKK/YPG terrorçularının nəzarətindədir. Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin hərəkətə keçməsindən sonra terror təşkilatı Ayn İsada intensiv istehkamlar qurmağa başlayıb.

Tezliklə başlaması gözlənilən əməliyyat üçün diqqət xüsusilə İdlib və Təl-Abyada dikilib. Strateji M4 magistralının cənubunda yerləşən Ayn İsaya nəzarət təmin olunarsa, Fəratın qərbində Serablusa bitişik olan Mənbiçə də yol açılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu