28 Oktyabr 2021 12:33
1 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüssel və Varşava arasındakı ziddiyyətlərlə bağlı Avropa Birliyinin Ədalət məhkəməsi qərar çıxarıb.

Teleqraf.com xəbər verir ki, AB Ədalət Məhkəməsi bir müddətdir məhkəmə sisteminin müstəqilliyi ilə bağlı mübahisə edən Polşanın qərarı yerinə yetirmədiyi müddətcə hər gün 1 milyon avro cərimə ödəməsinə qərar verib.

AB-nin ən yüksək məhkəməsi olan Ədalət Məhkəməsinin qərarı AB Komissiyasının ötən ay Polşaya maliyyə cəzası tətbiq etmək tələbindən sonra qəbul edilib.

Lüksemburqda yerləşən məhkəmənin bəyanatında deyilir ki, bu cəza AB-nin hüquqi nizamına, xüsusən də qanunun aliliyi kimi təməlini qoyduğu dəyərlərə ciddi və düzəlməz zərərin qarşısını almaq üçün vacibdir.

Polşa hökuməti hakimlər üçün intizam mexanizmi yaratdığına, bununla da hakimləri “susdurduğuna” və məhkəmə hakimiyyətinin müstəqilliyinə xələl gətirdiyinə görə tənqid edilib.

Ədalət Məhkəməsi iyul ayında intizam mexanizminin dayandırılması barədə qərar qəbul edib. Məhkəmə bu qərarı icra etmədiyi üçün Polşanı hər gün 1 milyon avro cərimələyib.

Son vaxtlar AB və Polşa arasında məhkəmə müstəqilliyi, qanunun aliliyi və milli qanunların AB qanunlarından üstün olub-olmaması kimi məsələlərdə fikir ayrılıqları yaranıb.

Polşanın hakimlər üçün intizam mexanizmindən başqa, Polşa Konstitusiya Məhkəməsinin “milli qanunun bəzi sahələrdə AB qanunlarından üstün olması”na dair qərarı da müzakirə mövzusu olub. Polşa hökuməti qərarı müdafiə etsə də, AB qurumları birliyin qanunvericiliyinin milli qanunlardan üstün olduğunu bildirir.

Avropa İttifaqı Komissiyası yeni növ koronavirusun iqtisadi nəticələri ilə mübarizə aparmaq üçün üzv dövlətlərə hazırlanan bərpa fondu çərçivəsində Polşaya veriləcək 23,9 milyard avro vəsaiti hələ təsdiq etməyib. AB daxilindəki bəzi ölkələr Polşa və AB ilə oxşar problemləri olan Macarıstana ittifaqın bərpa fondundan veriləcək payın “şərt mexanizminə görə” təsdiqlənməməsinin lazım olduğunu iddia edirlər.


Müəllif: Nemət