28 Oktyabr 2021 11:53
50 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Naftali Bennetdən rus şirkətlərinin Suriyanın yenidən qurulmasında iştirakına yol açmaq üçün ABŞ-ı Bəşər Əsəd rejiminə qarşı sanksiyaların bir qismini yumşaltmağa təşviq etməyi xahiş edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın “Axios” saytı adı açıqlanmayan İsrail rəsmisinə istinadla məlumat yayıb.

Məlumatda Putinin Rusiyanın təsirini artırmaq və gəlir əldə etmək üçün Suriyanın yenidən qurulmasında rus şirkətlərinin böyük layihələri üzərinə götürməsini istədiyi bildirilib.

Oktyabrın 22-də Soçidə Putinlə görüşündə Bennetin bəzi rus şirkətlərinin ABŞ-ın sanksiyalarından təsirlənmək istəmədikləri üçün Suriyada iş görməkdən qorxduqlarını dilə gətirdiyi deyilib.

Görüş zamanı Putinin Bennetdən ABŞ-ı Əsəd rejiminə qarşı sanksiyaların bir qismini yumşaltmağa təşviq etməsini istəyib.

Görüşdə Rusiyanın hazırda ABŞ-ın sanksiyaları altında olduğu üçün bunun İran şirkətlərinin böyük layihələri üzərinə götürməsinə yol açdığı və bununla da Tehranın Suriyadakı təsirini artırdığının müzakirə olunduğu iddia edilib.

Məlumatda qeyd olunub ki, ruslar İsrailin Suriyada İranın nəzarətini zəiflətməkdə maraqlı olmasının Bennet hökumətini ABŞ administrasiyasını sanksiyaları yüngülləşdirməyə təşviq etməyə sövq edəcəyinə ümid edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu