2 Noyabr 2021 13:25
2 459
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Cənubi Qafqazda yeni regional formatın yaradılmasında maraqlıdır, ancaq o şərtlə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə paralel mövcud olsun”.

Teleqraf.com xəbər verir ki, bunu Erməni Amerika Araşdırmaları Mərkəzinin rəhbəri, beynəlxalq ekspert Suren Sərkisyan ABŞ və Türkiyə Prezidentlərinin G-20 sammiti çərçivəsində son görüşünü şərh edərkən deyib.

O xatırladıb ki, Ağ Evin bəyanatında qeyd olunur ki, iki ölkə liderləri digər məsələlərlə yanaşı, Cənubi Qafqazda diplomatik səyləri müzakirə ediblər:

“Ağ Evin bəyanatından əlavə, Ərdoğan bölgəmizdə sülhün bərqərar olması üçün istifadə edilə biləcək formatları da müzakirə etdiklərini söylədi. Son zamanlar Cənubi Qafqaz ölkələri və İran, Türkiyə, Rusiyanı əhatə edən 3+3 formatı və ya ABŞ və Aİ-nin də daxil olduğu 3+3+2 formatı geniş müzakirə olunur. İndi hansı formatın müzakirə edildiyini söyləmək çətindir, amma hesab edirəm ki, ABŞ da belə bir formatın yaradılmasında maraqlıdır, lakin bu, ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə paralel olmalıdır ki, ondan istifadə olunsun”.

ABŞ-ın dolayı yolla- Türkiyə vasitəsilə regiona təsir göstərməyə çalışması versiyasından danışan Sərkisyan qeyd edib ki, Vaşinqton bunu əsasən Gürcüstan vasitəsilə etməyə çalışacaq: "ABŞ Türkiyə vasitəsilə burada nəyəsə nail ola bilməyəndə strateji müttəfiqi Gürcüstanla işləyir. Bunu Pentaqonun rəhbərinin Gürcüstana son səfəri və qəbul olunmuş birgə bəyanatlar sübut edir. ABŞ təklif olunan 3+3 formatından kənarda qalsa belə, Gürcüstan və Türkiyə vasitəsilə prosesə müəyyən təsir göstərməyə çalışacaq”.

Erməni mütəxəssis deyib ki, Ərdoğan həmçinin ATƏT-in Minsk qrupunun digər həmsədr ölkəsinin rəhbəri, Fransa Prezidenti Makronla Cənubi Qafqazdakı mövcud vəziyyəti və regional formatın yaradılmasını müzakirə edib. Sərkisyanın sözlərinə görə, Fransa həmsədr formatında təkcə özünü deyil, həm də Avropa İttifaqını təmsil edir: “Aİ-nin də müəyyən təsiri var, bu formatda Fransa təmsilçiliyi vasitəsilə baş verənlər haqqında məlumat var. Fransa, xüsusən də Böyük Britaniya Aİ-dən çıxdıqdan sonra daha fəal oyunçuya çevrilib və müəyyən mənada hazırda Aİ-nin lokomotivlərindən birinə çevrilib, ona görə də bu iştirak Aİ üçün də vacibdir.

Mühüm bir vəziyyət var - hamı bu formatdan danışır, lakin hamı Rusiya-Gürcüstan münasibətləri, Gürcüstanın bununla bağlı ehtiyatlanmasından da danışır. Lakin heç kim Ermənistanın mövqeyindən, qeyd-şərtlərindən danışmır, bu da o deməkdir ki, Ermənistan bu formatla böyük ölçüdə razılaşıb və bizim hakimiyyət orqanları hesab edir ki, bu formatda iştirak Ermənistanın maraqlarına cavab verir.Amma formatın nə ola biləcəyi bəlli deyil, çünki müxtəlif təkliflər var idi.

Əsas odur ki, hər bir ölkənin istədiyi şey deyil, bizim regionda həqiqətən baş verənlər vacibdir. Açığı, Türkiyə müharibədən sonra bölgədə daha da nüfuz qazandı, İranın da təsirə malik olduğu göz qabağındadır. Bunlar regionda qüvvələr balansının dəyişdiyini göstərən faktlardır və o, bir sıra nəticələri və yeni reallıqları ilə artıq əvvəlki kimi ola bilməz. Rusiya regional fövqəldövlət olmaqla bu reallıqları nəzərə almalıdır: 5 il əvvəl Türkiyə indiki Türkiyədən əhəmiyyətli dərəcədə fərqlənirdi və Rusiya bunu bölgəmizdə ciddi çağırış və rəqib kimi görür”.


Müəllif: Nemət