Fransa Prezidenti Emmanuel Makron Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin 26-cı İqlim Dəyişikliyi Konfransında (COP26) İngiltərə ilə balıqçılıq böhranı ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, o, Fransa, İngiltərə və Avropa Birliyi (AB) Komissiyası arasında danışıqların bu gün davam edəcəyini deyib.
“Günün sonunda bəzi şeylərin dəyişib-dəyişmədiyini görəcəyik. Sonrakı saatlar vacibdir”, - Makron bildirib.
Makron ingilislərin yeni təkliflər verəcəyini bildirib.
İngiltərə Baş naziri Boris Consonun təklifini ciddiyə alacağını deyən Makron vurğulayıb: “10 aydır ki, çox yavaş irəliləyirik. Bu yeni metod nəticə versə, şans vermək istəyirəm”.
O, danışıqların davam etdirilməsi qərarından sonra bu gün İngiltərəyə qarşı həyata keçirilməsi planlaşdırılan cavab tədbirlərinin təxirə salındığını da açıqlayıb: “Danışıqlar davam etdiyi müddətdə sanksiyalar tətbiq etməyəcəyik”.
Bu ilin əvvəlində balıq ovu kvotalarının müəyyən edilməsi ilə bağlı AB və Böyük Britaniya arasında aparılan danışıqlarda konsensus əldə edilib, amma xüsusilə fransız balıqçılar təyin olunmuş ərazilərdə fəaliyyət göstərə bilməyiblər. Bu, İngiltərə və Fransa arasında gərginliyə səbəb olub.