Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rostek”in direktoru Sergey Çemezov yeni hazırlanmış beşinci nəsil “Su-75” yüngül taktiki təyyarəsinin bir uçuş saatının ABŞ istehsalı “F-35”dən 7 dəfə ucuz başa gəldiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Fransanın “Le Fiqaro” qəzetinə müsahibəsində danışıb.
“Beşinci nəsil təkmühərrikli təyyarələr və əvvəlki nəsillərin qırıcıları arasında yalnız “Su-75”in əsas rəqibi olan “F-35” müqayisə olunan xüsusiyyətləri ilə öyünə bilər. Amma ABŞ təyyarələrindən fərqli olaraq bizim təyyarəmiz iqtisadi cəhətdən daha sərfəlidir. “Su-75”in bir saatlıq uçuşunun qiyməti “F-35”dən 7 dəfə ucuzdur”, - Çemezov qeyd edib.
Beşinci nəsil “Su-75” təyyarəsinin prototipi ilk dəfə MAKS-2021 Beynəlxalq Aviasiya və Kosmos Sərgisində nümayiş etdirilib. Yeni döyüş təyyarəsinin dünya premyerası 14-18 noyabr tarixlərində Dubayda baş tutacaq beynəlxalq sərgidə keçiriləcək.
Yeni təyyarənin ilk növbədə Yaxın Şərq, Asiya, Şimali Afrika və Latın Amerikası ölkələrinə ixracı planlaşdırılır. İlk uçuşunu 2023-cü ildə etməsi planlaşdırılan yeni rus təyyarəsinin kütləvi istehsalına 2025-ci ildə başlanması gözlənilir.