Əlcəzair Silahlı Qüvvələrinin rəsmi orqanı “Əlcəzair ordusu” qəzetində Fransa Prezidenti Emmanuel Makronun 1830-cu il işğalından əvvəl Əlcəzair xalqının olmadığına dair açıqlamalarına cavab verilib.
Teleqraf.com xəbər verir ki, məqalədə Fransa prezidenti “uğursuz siyasətçi” adlandırılıb.
“Makron öz siyasətindəki uğursuzluqla ölkəsinin tarixindəki nöqsanları qarışdırır, o, artıq reallıqla illüziya, doğru ilə yanlış, ağılla cəhalət arasındakı fərqi ayırd edə bilmir”, - məqalədə vurğulanıb.
Məqalədə qeyd olunub:
“Əlcəzairə düşmənçilik edənlərə deyirik ki, əgər ölkəmizdəki qorxunc müstəmləkə keçmişinizdən qurtula bilmirsinizsə, bu xəstəliyin dərmanı üzr istəmək və ya heç olmasa susmaqdır. Çünki yalan və nadan sözlər deməkdənsə, tarixi təhrif etməkdənsə, susmaq daha yaxşıdır”.
Fransanın Əlcəzair planlarının işə yaramadığı vurğulanan bəyanatda bildirilib ki, Əlcəzair Milli Azadlıq Ordusu fransız general və marşallarının təkəbbürünü tapdalayaraq ölkədən qovub: “Onların hamısı kağızdan düzəldilmiş zabitlər deyildilərmi?”.
Məqalədə Fransa liderinə belə bir sual da ünvanlanıb: “Niyə Makron faktların üstündən keçib ölkəsinin Əlcəzairi işğal etməzdən əvvəl Əlcəzair xalqının olub-olmadığı haqda sual verəcək qədər irəli gedir?”.
Yazıda Makronun ictimaiyyətə verdiyi vədləri yerinə yetirə bilmədiyi və bu açıqlamalarla seçicilərin emosiyalarını ələ almağa çalışdığı bildirilib.
Makron oktyabrın 2-də verdiyi açıqlamada Əlcəzair tarixinin faktlara əsaslanmadığını və Fransaya düşmənçilik üzərində qurulduğunu iddia edərək, Osmanlı İmperiyasının bu ölkədəki varlığını “müstəmləkəçilik” adlandırmışdı.
Makronun bu fikirləri Əlcəzairdə sərt təpkilərlə qarşılanıb. Bundan sonra Fransanın Əlcəzairdəki səfiri XİN-ə çağrılaraq nota verilib.