9 Noyabr 2021 09:38
1 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada sentyabrın 26-da keçirilmiş seçkilərdən sonra 16 illik kansler postundan getməyə hazırlaşan Angela Merkel “Deutsche Welle” nəşrinə müsahibə verib.

Teleqraf.com-un xəbərinə görə, Merkel bundan sonra siyasətlə məşğul olmayacağını açıqlayıb.

“Hələ nə edəcəyimi bilmirəm, amma daha siyasətlə məşğul olmayacağam. Qabaqlar da dediyim kimi, əvvəl bir az dincələcəm, sonra görüm, ağlıma nə gəlir”, - kansler bildirib.

Kitab oxuyub yatmaq istədiyini deyən Merkel əlavə edib: “Uzun illər qarşıma qoyulan gündəmlə məşğul idim, hər an hazır olmalıydım. İndi könüllü olaraq nə edəcəyimə baxacam, amma bunu tapmaq üçün bir neçə ay lazım olacaq”.

Merkel Türkiyə, Fransa və Rusiya liderləri – Rəcəb Tayyib Ərdoğan, Emmanuel Makron və Vladimir Putinlə bağlı sualı da cavablandırıb:

“Düşünürəm ki, dostluq əlaqələrimiz olan hökumət başçıları ilə görüşlərdə dəqiq mövqe sərgiləməsəm, bu, anlaşılmazlıq yarada bilər. Almaniyanın maraqları bizim üçün həmişə öndə olub. Digərlərinin də, Fransanın da öz maraqları var və biz bu maraqları burada bir araya gətirməyə çalışmalıyıq. Amma bizi birləşdirən, əlbəttə ki, bizim ümumi fundamental dəyərlərimiz, demokratiyaya ümumi baxışımızdır.

Əgər narahatlığınız, qayğılarınız varsa və ya toxunmaq istədiyiniz başqa məsələlər varsa, bu söhbətlər fərqli ola bilər. Amma mən həmişə bu cür söhbətlərə açıq ürəklə gedirəm. Həmişə danışıqların bəzi şeyləri dəyişdirə biləcəyini düşünürəm və Almaniyanın maraqlarını təmsil edirəm.

Mən həm də yaxşı ikitərəfli münasibətləri təmsil edirəm, ona görə də bu danışıqlar bəzən bir az mübahisəli ola bilir. Onu da demək istəyirəm ki, kiminsə dünyaya tam fərqli baxışı olsa belə, yenə də diqqətlə dinləmək lazımdır. Çünki bir-birinizi dinləməyi dayandırsaq, həll yolu tapa bilmərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər