Bosniya və Herseqovinada gərginliyin artmasından sonra Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın bu ölkənin prezident şurasının üzvü Bakir İzzetbeqoviçi qəbul etməsi ilə başlayan yeni diplomatik gəlişmə davam edir.
Teleqraf.com xəbər verir ki, Prezident Ərdoğan ötən gün İstanbulda Türkiyədəki Bosniya qeyri-hökumət təşkilatlarının nümayəndələrini qəbul edib.
Görüşdən sonra açıqlama verən Ərdoğan Türkiyənin bundan sonra ən güclü və fərqli şəkildə bosniyalıların yanında olmağa davam edəcəyini bildirib.
“Türkiyə” qəzeti Ərdoğanın Balkan məsələsində diplomatik trafikinin sıxlaşacağını yazıb. Türkiyə liderinin bu çərçivədə yaxın günlərdə Bosniya prezident şurasının üzvü və Serb Muxtar respublikasının başçısı Milorad Dodik, şuranın xorvat üzvü Zeljko Komsiç və bosniyalı Şefik Caferoviçlə görüşəcəyi gözlənilir. Prezident Ərdoğan adıçəkilən şəxslərlə görüşləri zamanı Balkanda sülh və sabitliyin bərqərar olması və qorunması ilə bağlı məsləhətləşmələr aparacaq.
Bundan başqa, Ərdoğan sentyabrda Serbiya Prezidenti Aleksandr Vuçiçlə də görüşüb.
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu da Bosniya və Hersoqovinanı parçalamaqla və öz ordusunu yaratmaqla təhdid edən Dodik barədə açıqlama verib:
“Dodik deyir ki, Avropaya ehtiyac yoxdur, qoy Türkiyə bu işi görsün. Niyə? Çünki biz obyektiv yanaşırıq. Niyə? Biz buranın əmin-amanlığı, sabitliyi və iqtisadi inkişafı üçün böyük səylər göstəririk, kömək edirik”.