Türkiyə Suriyada mümkün yeni əməliyyat üçün siyasi-hərbi addımlarını davam etdirdiyi vaxt Suriya Milli Ordusuna “hazır ol” təlimatı verilib.
Teleqraf.com xəbər verir ki, YPG terror təşkilatından da türk ordusunun gözlənilən əməliyyatından əvvəl açıqlama gəlib.
YPG sözçüsü Nuri Mahmud mümkün əməliyyatlara qarşı yeni strategiya və taktikalardan istifadə etməyə hazır olduqlarını bildirib.
O, bundan əvvəlki əməliyyatlarda türk ordusuna müqavimət göstərə bilmədiklərini də etiraf edib: “Türk ordusu Afrin, Rəs əl-Ayn və Təl-Abyadda ağır hava əməliyyatları həyata keçirdi. İstifadə olunan texnologiya baxımından bizim qüvvələrimizlə onlar arasında tarazlıq yox idi”.
Terror təşkilatının sözçüsü ABŞ və Rusiyanın Türkiyəyə qarşı səsini çıxarmamasından şikayətlənib: “Rusiya verdiyi açıqlamalarla Suriyanı Ərdoğanın təhdidlərinə qarşı müdafiə etdiyi görüntüsü yaratmağa çalışır. Amma bu, həll yolu deyil. Rusiya və ABŞ kimi böyük güclərin indiyədək siyasi və demokratik həll yolu tapa bilməməsi utandırıcıdır”.
Rusiyanın İdlib müqabilində Ayn əl-Ərəbi (Kobanini) Türkiyəyə təhvil verib-verilməyəcəyi sualına Mahmud belə cavab verib: “Razılaşma ola bilər, amma bu məsələni rəsmi olaraq təsdiq edə bilmədik. Rusiya siyasi və demokratik həll prosesində qarant rolunu oynamalıdır”.