Ukrayna ordusu Türkiyədən aldığı “Bayraktar TB2” pilotsuz uçan aparatlardan ilk dəfə işğal altındakı Donbasdakı separatçı qüvvələri vuraraq istifadə etməsi Rusiyanı qəzəbləndirib.
Teleqraf.com türk mətbuatına istinadən xəbər verir ki, Rusiya rəsmilərindən tez-tez açıqlamalar gəldiyi vaxtda rus hərbi mütəxəssislər “Bayraktar”ların necə dayandırılacağını müzakirə etməyə başlayıblar.
Hərbi ekspertlər türk PUA-larını dayandırmaq üçün ən azı 10 “Pantsir” hava hücumundan müdafiə sisteminin istifadə edilməsinin lazım olduğunu deyirlər. Bəziləri isə bunun kifayət etməyəcəyini düşünür.
Bəzi ekspertlər bölgədə rusiyayönlü qüvvələrin dronlarla silahlandırılmasını təklif etsələr də, digərləri separatçı qüvvələrin bu hava hücumundan müdafiə silahlarından istifadə etmək bacarığına malik olmadığına diqqət çəkərək, onların xüsusi təlimlərə cəlb olunmasının vacibliyinə diqqət çəkiblər.
Ukraynanın keçmiş prezidenti Petro Poroşenko da türk PUA-larının üstünlüyündən danışıb:
“Bayraktar TB2”-lər Qarabağda özünü doğrultmuş son dərəcə güclü silahlardır. Ukrayna ordusunun Donbasla bağlı mövqeyini tam dəstəkləyirəm. Ordumuzun ona gücünü artıran “Bayraktar TB2”-lərdən istifadə etmək hüququ var. Ukraynanın “Bayraktar TB2”-dən istifadə etməsi Minsk anlaşmasının prinsiplərini pozmur. Amma rusların istifadə etdiyi artilleriya batareyaları anlaşmanı pozur. Düşmən bilməlidir ki, cəza qaçılmazdır”.
Ukraynanın türk dronlarından istifadə etməsi təkcə Rusiyanı yox, Fransa və Almaniyanı da narahat edib. Hər iki ölkə bildirib ki, Donbasda bütün tərəflər pilotsuz təyyarələrdən istifadə edib, amma Minsk razılaşmalarına əsasən, regionda PUA-lardan istifadə hüququ olan yeganə qüvvə ATƏT-dir.
Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya və Fransanın tənqidlərinə belə cavab verib: “Biz atəşkəs razılaşması çərçivəsində addım atırıq. Ukrayna bu formatda fəaliyyətini davam etdirəcək. Ukraynadakı PUA-lar yalnız müdafiə məqsədi daşıyır. Ukrayna ordusu torpaqlarının müdafiə edilməli olduğunu duyanda bundan istifadə edir”.