10 Noyabr 2021 19:13
1 849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin hökuməti bu həftə “tarixin yenidən yazılacağı” qanun layihəsini müzakirə edəcək. İlkin məlumatlara görə, layihədə Çin prezidenti Si Cinpin əvvəlki böyük Çin liderləri ilə eyni səviyyədə tutulacaq və onu ölkəsinin “xarici güclər tərəfindən aşağılanmasına” qarşı duran lider kimi xarakterizə edəcək. Lakin qanun layihəsinin ən maraqlı məqsədi cəmiyyətin keçmişini yenidən yazmaq, yaddaşlardan silməkdir.

Teleqraf.com xəbər verir ki, Çin lideri Cinpin hakimiyyətdə üçüncü bir mərhələyə girməyə hazırlanarkən müşahidələrə görə, gələcəklə deyil, daha çox keçmişlə məşğuldur.

Çinin siyasi elitasının 300-dən çox üzvü bu həftə Pekində bir araya gələrək iqtidardakı Kommunist Partiyasının 100 il əvvəl yaranmasından bu yana əldə etdiyi “böyük nailiyyətləri və tarixi təcrübəsini” təsvir edən qətnamə layihəsini qiymətləndirəcək. Partiyanın Mərkəzi Komitənin iclasının gündəliyi diqqətlə və düşünülmüş şəkildə seçilir. Si Cinpin partiyanın tarixinə əhəmiyyəti və onun bu partiyadakı yeri xüsusi qeyd olunur.

Müəyyən mənada bu tarixin qədim Çinə qədər uzanan bir ənənədən doğduğunu demək olar. Əsrlər boyu Çin imperator tarixçilərə imperatorun yüksəlişini sənədləşdirməyi tapşırıblar. Bir çox hallarda bu sələflərin tarixini təftiş etmək və yenidən yazmaqdan ibarət olub.

Bu mənada Çin Kommunist Partiyası üçün tarix - daha doğrusu onun nəzarətində hazırlanan yeni versiyalar son dərəcə faydalı ola bilər. Nümunə kimi qeyd edək ki, Çinin mübahisəli torpaqlar və sular üzərindəki “tarixi iddialarından” Pekin öz suverenlik iddiasını dəstəkləmək üçün istifadə edir. Onların “xarici güclər tərəfindən özünü alçaltma əsri” adlandırdıqları dövr 1839-cu il Tiryək Müharibəsindən tutmuş 1949-cu ildə Çin Xalq Respublikasının (ÇXR) qurulmasına qədər partiyanın legitimliyinin mərkəzi mənbəyinə çevrilib. Partiya liderlərinin nəzərində bu hekayələr üzərində nəzarəti itirmək fəlakətli nəticələrə səbəb ola bilər. Sovet İttifaqının dağılması qismən “tarixi nihilizm” və ya hakim elitanın sovet mirasını rədd etməsi ilə əlaqələndirilir. Çin lideri Cinpin tez-tez sovet nümunəsindən istifadə edərək, dərslərin çıxarılmasının lazım olduğunu vurğulayır. Nəticədə, Çin Kommunist Partiyası ayıq-sayıqlıqla özünün təlatümlü keçmişinin qaranlıq epizodlarını, xüsusilə həssas epizodları ictimaiyyətin yaddaşından silməklə öz tarixini qoruyur.

Amma müzakirəyə çıxarılacaq sözügedən qanun layihəsi təkcə partiyanın keçmişini yenidən formalaşdırmaqla bağlı deyil. Daha da əhəmiyyətlisi, bu addım Cinpinin indiki mərhələdə nüfuzunu və üstünlüyünü müəyyən etmək və uzunmüddətli gücünü və təsirini gələcəyə yönəltmək üçün bir yoldur.

Yarandığı gündən bəri partiya bu tipli yalnız iki qətnamə çıxarıb və bu qətnamələr Cinpinin iki ən güclü sələfi - Mao Tsedu və Denq Syaopin tərəfindən irəli sürülüb.

1945-ci ildə Maonun qərarı ilə siyasi və ideoloji rəqiblərini vəhşicəsinə məhv edən üç illik “islah” kampaniyasından sonra onu partiya daxilində mübahisəsiz bir liderə çevirdi.

1981-ci ildə Denqin qərarı ölkəni 10 illik xaos və təqiblərə qərq edən siyasi kampaniya olan “Mədəni İnqilab”ı başlatmaqda Maonun səhvlərini etiraf etdi. Keçmiş səhvləri etiraf edərək və onlara əsaslanaraq Denq islahatların və açıqlığın yeni dövrünü açmağa müvəffəq oldu.

Si Cinpin də bu qərar layihəsini keçirməklə özünü Mao və Denqə bərabər yüksələn lider statusunu daha da möhkəmləndirməyə çalışır.

Başqa sözlə, Cinpin Mao və Denqin əsasını qoyduğu Çin mirasını mənimsəmək və iki sələfini qabaqlamaq üçün məsuliyyət daşıyır. Partiya tarixinin bu mərhələsində Mao Çini xarici güclərin zülmünə qarşı “ayağa qalxmağa” təşviq edib, Denq Çin xalqına “varlanmasına” səbəb olub, Cinpin isə hazırda ölkəni “güclü olmaq” üçün qalib bir yolla irəli aparır. Amma Cinpin bu yolu davam etdirmək üçün ən azı üçüncü müddətə hakimiyyətdə qalmalı və Çinin yetişməsi üçün “imkanlar pəncərəsi” adlandırdığı məqsədə doğru aparmalıdır. Bu məqsəd Qərbi keçmək və ondan güclü olmaqdan ibarətdir.

Hələlik qanun layihəsi ilə bağlı bir neçə təfərrüat məlumdur. Çox güman ki, bu həftə sənəd parlamentdə qəbul olunacaq.

Lakin siyasi müşahidəçilər arasında konsensus ondan ibarətdir ki, “tarix qanun layihəsi” Cinpinin nüfuzunu daha da gücləndirəcək və onun partiya sədri kimi yerini möhkəmləndirməyə hesablanıb.

Başqa sözlə, Pekin 1,4 milyard insanın yaddaşını silib yenisini yazacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər