11 Noyabr 2021 09:56
1 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa-Belarus sərhədində qaçqın böhranı getdikcə böyüyür. Avropa İttifaqı Belarusa qarşı tətbiq edilən sanksiyaların genişləndiriləcəyini açıqlayıb. Aİ-nin Belarusu “boğmağa” çalışdığını iddia edən Rusiya Belarusa nüvə silahına malik bombardmançı təyyarələr göndərib.

Teleqraf.com xəbər verir ki, Belarusun Polşa ilə sərhədi yaxınlığında minlərlə insan şaxtalı havada sərhədi keçmək üçün gözləyir.

Qaçqın böhranı ilə birlikdə yaranan siyasi gərginlik də çıxılmaz vəziyyət yaradıb. Avropa İttifaqı bildirib ki, Belarus miqrantları Polşaya sıxışdırmaqla və Rusiya ilə NATO-nu üz-üzə qoymağa çalışır.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşüb. Görüşdən sonra açıqlama verən fon der Leyen Belarusa qarşı sanksiyaları genişləndirəcəklərini açıqlayıb. O, gərginliyə görə Belarus hökumətini günahlandırıb.

Rusiya isə gərginliyin artdığı bir vaxtda Belarusun hava məkanında patrul xidməti üçün iki nüvə silahına malik strateji bombardmançı təyyarə göndərib. Kreml Avropanı insan haqları ideallarını yerinə yetirməməkdə və Belarusu “boğmağa” cəhd etməkdə ittiham edib. Kreml Aİ-nin bununla əlaqədar Belarusa qarşı sanksiyalarının qəbuledilməz olduğunu bildirib.

Yüzlərlə kişi, qadın və uşaq şaxtalı havada sığınacaq, yemək, su və tibbi yardım olmadan sərhədi keçmək üçün gözləyirlər. Təhlükəsizlik qüvvələri ilə sərhədi keçməyə çalışan qaçqınlar arasında zaman-zaman gərginlik yaranır.

Belarus və Avropa İttifaqı arasında gərginlik keçən may ayından bəri ifrat həddə çatıb. Belarus Yunanıstandan Litvaya gedən sərnişin təyyarəsini “saxta bomba hədəsi” ilə məcburi endirmiş və müxalif jurnalist Roman Protaşeviçi təyyarədə saxlamışdı. Belarusun bu addımı Avropa İttifaqının sanksiyalarına səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu