Ekvadorun ən böyük cəzaçəkmə müəssisəsində baş verən üsyan və qarşıdurma səbəbindən 68 nəfər ölüb, 25 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Ekvadorun cənub-qərbində Guayaquli şəhərindəki Litoral həbsxanasında baş verib.
Gecə saatlarında baş verən üsyan uzun müddət davam edib. Hadisələr səbəbindən indiyə qədər 68 məhkum ölüb, 25 nəfər yaralanıb.
Gərginliyin davam etdiyi zaman silah və partlayış səsləri duyulub. Hadisələri nəzarətə almaq üçün çox sayda əsgər və polis hadisə yerinə cəlb edilib.
Qeyd edək ki, hazırda Ekvadorda 38 min məhkum var. Cəzaçəkmə müəssisələrində mafiyalar arasında çıxan qarşıdurmalar üsyanlarla müşahidə olunur. Sonuncu dəfə sentyabrın 27-də həbsxanadakı mafiyalar arasında çıxan qarşıdurmada 118 məhkum ölüb, 80 nəfər yaralanıb.