Suriya Milli Ordusunun (SMO) Türk Silahlı Qüvvələrinin (TSK) dəstəyi ilə SDG/YPG terror təşkilatına qarşı mümkün hərbi əməliyyatını əsas gətirən Suriya rejimi bölgəyə hərbçi və silah-sursat yığır.
Teleqraf.com xəbər verir ki, Rusiya da bununla paralel olaraq Qamışlı və Raqqada hava bazasına S-300 hava hücumundan müdafiə sistemləri yerləşdirir.
Suriyanın şimal-şərqinə tədricən yerləşən Rusiya bölgədə güclü hava müdafiə sistemi qurmaq üçün addımlar atır. Lazkiyə və Hmeymin hava bazasından sonra Qamışlı hava limanına hərbi təyyarələrlə silah yığan Rusiya Qaqqanın Tabka qəsəbəsində S-300 kompleksləri yerləşdirməyə başlayıb. Bəşər Əsəd rejimi də bölgəyə raketlər daxil olmaqla ağır silah toplayır.
Əsəd rejimi Tel Rifat, Kobani, Ayn İsa və Til Temir bölgəsinə hərbçilər gətirir. Haseke və Raqqa bölgəsinə gətirilən ağır silahlar arasında raketlər də var. Bölgəyə gətirilən qısa və ortamənzilli raketlər Ayn İsa qəsəbəsi ətrafında yerləşdirilir. Dəməşq bu addımını SMO-nun mümkün hərbi əməliyyatı ilə əsaslandırır.
Məlumata görə, bölgəyə ilk dəfə orta və qısa mənzilli raket yığan Suriya rejimi onlarla yük avtomobili, silah və sursatları da əraziyə gətirib. Ayn İsa qəsəbəsinin ətrafına və TSK-nın nəzarətində olan Tel Abyad sərhəd xəttində də mövqelərini gücləndirən Əsəd qüvvələrinə dəstək məqsədilə Rusiya da bölgəyə zirehli avtomobillər gətirib.