Avropa Birliyinin (AB) Xarici İşlər nazirləri bu gün başda Belarus və qaçqın problemini müzakirə etmək üçün Brüsseldə bir araya gələcək.
Teleqraf.com xəbər verir ki, iclas haqqında məlumat verən AB rəsmiləri Belarusla bağlı dövlət rəsmiləri və ya təşkilatların sanksiya siyahısına alınması mövzusunda yeni kriteriyaları müzakirə edəcək.
Qeyd edilir ki, yeni kriteriyalar üçüncü şəxslərin AB sərhədlərinə qanunsuz gəlməsinə dəstək verən şəxslər və təşkilatlar üçün müəyyən edilir.
AB-nin yüksək rütbəli rəsmisi deyib: "Biz qışın ortasında aldadılan və alət kimi istifadə edilən insanların həyatını təhlükəyə atanlara qarşı sanksiyalar tətbiq etmək üçün hüquqi bazamızı müəyyənləşdiririk".
Bəzi üzv dövlətlər Belarusa qarşı genişləndirilmiş sanksiyalar siyahısına dair təkliflər irəli sürüb. Lakin sanksiyalar siyahısı hələ dəqiqləşdirilməyib. Siyahının yaxın vaxtlarda müəyyənləşəcəyi gözlənilir.
Qeyd edək ki, Belarus lideri Aleksandr Lukaşenko ölkənin Polşa ilə sərhədindəki miqrant böhranına görə Avropaya qarşı yeni sanksiyalara cavab verəcəyini vəd edib. Lukaşenko Rusiyanın Yamal-Avropa qaz kəmərinə işarə edərək, sanksiyaları belə şərh edib:
“Əgər bizə qarşı əlavə sanksiyalar tətbiq etsələr, biz cavab verməliyik. Biz Avropanı istiləşdiririk və bizi hədələyirlər. Qaz verilişini dayandırsaq nə olacaq? Buna görə də mən polyaklara, litvalılara və digər ağılsız siyasətçilərə danışmadan əvvəl düşünməyi məsləhət görərdim. Bizi qorxutmaq üçün qəbuledilməz sanksiyalar tətbiq edilirsə, onlara cavab verməliyik. Necə cavab verəcəyimizi 6 ay əvvəl demişik”.