Prezident Rəcəb Tayyib Ərdoğanın miqrant məsələsində Türkiyəni günahlandıran Yunanıstana qarşı “Qapıları açsaq, Yunanıstanın nə edəcəyini bilmirəm” sözlərindən sonra yunan Silahlı Qüvvələri “həyəcan vəziyyəti”nə gətirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstanın “Katmerini” qəzeti məlumat yayıb.
Məlumata görə, Yunanıstan baş qərargah rəisi Konstantin Florosun hərbi strukturların komandanları ilə keçirdiyi təcili görüşdən sonra bu istiqamətdə sərhəd qoşunlarına təlimat göndərilib.
Bu çərçivədə toplantıda quru və dəniz sərhədlərinə nəzarətin artırılmasına xüsusi önəm verilərək, ehtiyat tədbirlərinin görülməsi, sərhəd bölmələri tərəfindən ölkənin içinə doğru miqrant axınının artması ilə bağlı hadisələrin dərhal bildirilməsi qərara alınıb.
Qərarların Yunan Polisi (ELAS) və Yunanıstan Sahil Mühafizə Birlikləri ilə razılaşdırılaraq verildiyi bildirilib.
Türkiyə Prezident Ərdoğan Macarıstan Baş naziri Viktor Orbanla görüşündən sonra keçirilən mətbuat konfransında Yunanıstanın ölkəsinə qarşı əsassız ittihamlarına belə cavab vermişdi: “Türkiyə təxminən 5 milyon qaçqına ev sahibliyi edir. Beş milyon qaçqına yer verən, onlara ev sahibliyi edən bir ölkəyə “Qaçqın problemi Türkiyədən qaynaqlanır” demək nankorluqdur”.