Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Silahlı Qüvvələrinin Şimali İraqda həyata keçirdiyi əməliyyatda zərərsizləşdirilən terrorçular arasında PKK/KCK-nın qurucularından olan Fuad ləqəbli Əli Heydər Kaytanın da olduğu müəyyən edilib.
Teleqraf.com “Anadolu”ya istinadla xəbər verir ki, terrorizmlə mübarizədə ən uzun sürən əməliyyatlardan biri PKK lideri Abdullah Öcalandan sonra onun yerinə keçəcək şəxs kimi baxılan Kaytanı zərərsizləşdirmək üçün həyata keçirilib.
Bundan əvvəl Kaytanla bağlı MİT tərəfindən çoxşaxəli kəşfiyyat araşdırması aparılıb. MİT və Silahlı Qüvvələr uzun müddət davam edən araşdırmadan sonra Şimali İraqda birgə əməliyyat keçirib. Əməliyyatda zərərsizləşdirilən terrorçular arasında Əli Heydar Kaytanın da olduğu müəyyən edilib.
Kaytanın zərərsizləşdirildiyi əməliyyatdan sonra digər məqamlar da üzə çıxıb. Məlum olub ki, PKK-dan qopmaların qarşısını almaq və terrorçuların əhval-ruhiyyəsini yüksək saxlamaq üçün Kaytanın ölümü gizlədilib. Onun cənazəsi yalnız PKK liderlərinə məlum olan yerdə basdırılıb və dəfni həyata keçirən PKK-çılar edam edilib.
PKK adına kamikadze hücumlarını həyata keçirən terrorçuları Kaytanın seçdiyi, 2016-cı ildə Ankaradakı aktlara onun təlimat verdiyi bildirilib.