Türkiyənin Bursa şəhərinin 2022-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi münasibətilə Bursa şəhərində mətbuat konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş TÜRKSOY tərəfindən Bursanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsini tarixi hadisə kimi dəyərləndirərək, göstərilən diqqətə görə minnətdarlığını ifadə edib və 2022-ci ildə görüləcək tədbirlərdən danışıb.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov çıxışında bildirib ki, Bursa Avropanın mədəniyyət paytaxtlarında da tanıdılacaq.
Azərbaycan Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, Türkiyə 2022-ci ildə keçiriləcək 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinə “fəxri qonaq” statusunda qatılacaq. Şöbə müdiri Bursa bələdiyyəsini də həmin sərgidə stendlə iştiraka dəvət edib. Şöbə müdiri Qarabağ Zəfərinin simvolu olan “Xarıbülbül” nişanını və “Gəncə - Nizami yurdu” kitabını Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaşa hədiyyə edib.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı bildirib ki, təşkilatın bu ay başlatdığı Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə və Yunus Əmrinin ölümünün 700 illiyinə həsr olunmuş konsert proqramlarının davamı olaraq, noyabrın 18-də Bursada Türk dünyası sənətçilərinin iştirakı ilə möhtəşəm konsert və sərgi keçiriləcək.
Sonra Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş və TÜRKSOY-un Baş katibi Düsen Kaseinov jurnalistlərin suallarını cavablandırıblar.