Ağ Evin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton hesab edir ki, ABŞ Belarus prezidenti Aleksandr Lukaşenko üçün “Rivierada gözəl villa” tapmalıdır.
Teleqraf.com-un məlumatına görə, Bolton hesab edib ki, Vaşinqton “Rusiyanın keçmiş Sovet respublikasını geri almaq cəhdlərinin qarşısını almaq” üçün Lukaşenkonun geri çəkilmə ehtimalını nəzərdən keçirməlidir.
“Düşünürəm ki, biz hamımız Lukaşenkonun müxalifət nümayişlərini yatırtmağa diqqət yetirməklə səhv etmişik, hətta Lukaşenkonun etdiklərinə haqq qazandıran nəsə var”,- deyə Bolton bildirib.
Boltona görə, təhlükə ondadır ki, müxalifət etirazları davam etdirərkən, Lukaşenkonun rusları köməyə çağırmaqdan ibarət B planı var: “Bu baş verən kimi, belarusların özləri bir daha heç vaxt azad hökumət əldə etmək imkanına malik olmayacaqlar. Beləliklə, bizim strategiyamız, məncə, Lukaşenkonu hakimiyyətdən uzaqlaşdırmaq və ona Rivierada yaxşı villa və ya buna bənzər bir şey tapmaq olmalıdır. Bu, bizim nəzərdən keçirməli olduğumuz bir şeydir, çünki o, Rusiyanı dəvət etsə, onun ayrılacağını düşünmürəm”, - deyə Bolton əlavə edib.