“Polşa-Belarus sərhədindəki böhranlı vəziyyət diktatorun miqrantlardan alət kimi istifadə etməsinin nəticəsidir”.
Teleqraf.com xəbər verir ki, bunu Fransa Xarici işlər naziri Jan-İv Lyö Drian deyib.
O, sərhəddə baş verənləri “cinayət” adlandırıb. Nazir Belarus Prezidenti Aleksandr Lukaşenkonu miqrantları “girov götürməkdə” ittiham edib və Rusiya lideri Vladimir Putini Minskə təzyiq göstərməyə çağırıb.
Fransa Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Belarus lideri öz siyasətində qeyri-qanuni üsullardan istifadə etməyə öyrəşmiş diktatordur.
Lyö Drian vurğulayıb ki, vəziyyət rəsmi Minskə qarşı yeni sanksiyaları tələb edir.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Avropaya miqrant axınlarından istifadəyə son qoymaq üçün Lukaşenkoya təzyiqlərin davam etdirilməsinin vacibliyini bildirib. Polşa Prezidenti Anjey Duda ilə danışıqlar zamanı Fransa lideri Varşava ilə tam həmrəy olduğunu bir daha təsdiqləyib.