23 Noyabr 2021 20:14
1 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Prezidenti Co Baydenlə Çin lideri Si Cinpin arasında ötən həftə keçirilən videkonfrans münasibətlərin nisbətən normallaşdırmaq məqsədi daşıyırdı. Vaşinqton və Pekin müharibə istəmirlər. Ancaq iki ölkə arasında fikir ayrılıqları o qədər dərinləşib ki, bir videokonfrans vasitəsilə problemlər həll etmək çətin olacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin yayımladığı analitik məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, Cinpin öz hakimiyyətini gücləndirməklə məşğuldur:

“Çinin yaxın tarixinin iki böyük lideri var. Bu Mao Tszedun və Den Syaopindir. Mao Tszedun Çin Xalq Respublikasının və Çin Kommunist Partiyasının qurucusudur. O, həm işğalçı Yaponiya ilə müharibədə, həm də rəqiblər qarşısında qələbə qazanıb. Den Syapoin isə Çinin iqtisadi inkişafının əsasını qoyanlardandır. Məhz Den Syaopin Çinin siyasi sistemini və Kommunist Partiyasının aparıcı rolunu saxlamaqla bazar iqtisadiyyatına keçidin və rəqabət mühitinin yaradılmasının arxitektoru sayılır.

Si Cinpin Mao Tszedun və Den Syaopindən sonra ölkəsinin üçüncü lideri kimi tarixə düşmək istəyir. Bununla bağlı müvafiq qətnamə də qəbul olunub. Çin Kommunist Partiyasının 11 noyabrda keçiriləni plenumunda müvafiq qətnaməyə səs verilib. Qətnamədə ölkənin keçdiyi tarixi yola qiymət verilməklə yanaşı, gələcək inkişafın istiqamətləri müəyyənləşdirilib. Bu cümlələrin yer aldığı qətnamədə Si Cinpinin rolu xüsusi vurğulanıb. Mümkündür ki, Kommunist Partiyasının növbəti qurultayında Cinpin yeni müddətə - üçüncü dəfə lider seçilsin. Halbuki 1980-ci illərdən başlayaraq Çin Kommunist Partiyası daxilində qəbul olunan qaydalara görə liderin iki müddətdən sonra dəyişməsi labüd bilinirdi. Bu müddəanın artıq Si Cinpinə aidiyyəti olmayacaq”.

Məqalədə vurğulanıb ki, Kommunist Partiyasının rəhbər heyəti Si Cinpinin əldə etdiyi nəticələri yüksək qiymətləndirir:

“Elə qətnamədə də məhz Cinpinin liderliyi əsasında Çinin çiçəklənmə dövrünə qədəm qoyduğu vurğulanıb. İqtisadiyyatda, xarici siyasətdə, ekoloji problemlərin həllində və pandemiya ilə mübarizədə Si Cinpinin xüsusi rolu vurğulanan qətnamədə onun ismi rəsmən Mao Tszedunla və Den Syaopinlə birgə hallanıb. Çin Kommunist Partiyasının 1945-ci il qətnaməsində Mao Tsedunun, 1981-ci ildəki qətnamədə isə Den Syaopinin ismi xüsusi olaraq hallanırdı. 202-ci il qətnaməsi isə Si Cinpinin ismini əbədiləşdirdi.

Si Cinpin bu qətnamə vasitəsilə hakimiyyətini və avtoritar idarəetməni gücləndirəcək. Cinpin Çinin iqtisadi gücü ilə yanaşı hərbi gücünü də artırmaqla məşğuldur. Ölkəsini super dövlətə çevirməyə çalışan Cinpin başda ABŞ olmaqla qonşuları Hindistana, Yaponiyaya və Avstraliyaya meydan oxumaq siyasətini davam etdirəcək.

Bu mübarizə Si Cinpinin partiyasında mövqelərini gücləndirməyə xidmət edəcək. Hazırki mərhələdə partiya içərisində kimsə ona alternativ olmaq istəməyəcək. Onsuz da Çin parlamentinin 2018-cildə Konstitusiyaya etdiyi dəyişikliyə görə, Si Cinpin istədiyi qədər ölkəsini idarə edə bilər, məhdudiyyətlər ortadan qaldırılıb. Başqa sözlə, Si Cinpin ömrünün sonuna qədər ölkəsini idarə edə bilər. 2012-ci ildə Çin Kommunist Partiyasının baş katibi seçilən Si Cinpin 5 il sonra yenidən bu vəzifəyə seçilib. Beləliklə, Çinlə rəqabət aparan ölkələr hələ uzun müddət qarşılarında Si Cinpini görəcəklər. Bu həm də o deməkdir ki, Si Cinpinin hakimiyyəti dövründə Çinə qarşı müxtəlif koalisiyaların formalaşması və sıralarının genişləndirilməsi siyasəti də davam edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər