Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mart ayına qədər COVID-19 səbəbindən 700 min insanın öləcəyini, Avropada ümumilikdə ölüm sayının 2,2 milyonu keçə biləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ÜST pandemiya ilə əlaqədar yoluxma sayının artması fonunda Avropa ölkələrindəki vəziyyəti araşdıran hesabatını ötən gün açıqlayıb.
Koronavirus pandemiyası səbəbilə Avropanı gözləyən təhlükələrə diqqət çəkən ÜST 2022-ci ilin martına qədər Avropada COVID-19 səbəbindən həyatını itirənlərin sayının yüz minlərə çata biləcəyi proqnozunu verib.
ÜST-ün təxminlərinə görə, hazırda 1.5 milyon çərçivəsində ölənlərin sayı gələn ilin yazına qədər 2 milyon 200 minə yüksələcək. Mart ayına qədər Avropa və Asiyanın bəzi yerlərində 700 minə qədər insanın ölə biləcəyini təxmin edən ÜST pandemiyanın Avropada başlıca ölüm səbəbi olduğunu qeyd edib.
Hesabatda qeyd olunub ki, regionun 53 ölkəsindən 49-da reanimasiya şöbələri aşırı yüklənmə ilə üzləşəcək. Təşkilat Avropada koronavirusun sürətlə yayılmasına səbəb kimi yüksək yoluxucu Delta variantının ortaya çıxmasını, qeyri-kafi peyvənd nisbətini və korona tədbirlərini yumşaldan hökumətlərin “yalan siqnalını” qeyd edir.
ÜST-ün Avropa ofisinin direktoru Hans Kluqe bildirib ki, COVID-19 səbəbilə Avropa və Mərkəzi Asiyada yaranmış vəziyyət çox ciddidir. O, əvvəlki çağırışını təkrarlayaraq peyvənddən əlavə yeni tədbirlərin həyata keçirilməsini, maska taxılması və məsafənin gözlənilməsini tələb edib: "Bizim hamımızın bu qış lazımsız faciənin, insan itkisinin qarşısını almaq və cəmiyyətdə və biznesdəki problemləri məhdudlaşdırmaq üçün imkan və məsuliyyətimiz var.
ÜST-ün Avropa təşkilatı Avropa ölkələri ilə yanaşı İsrail, Tacikistan və Özbəkistan kimi ölkələri də əhatə edir.