25 Noyabr 2021 20:00
1 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və dünya gücləri arasında danışıqların yeddinci raunduna bir həftədən az vaxt qalmış ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəisi general Kennet Makkenzi dialoqun nəticəsiz qalacağı təqdirdə ixtiyarındakı qüvvələrin mümkün hərbi varianta hazır olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, general Makkenzi bu barədə “Time” qəzetinə müsahibəsində danışıb.

“Prezidentimiz dedi ki, onlar heç vaxt nüvə silahına sahib ola bilməzlər. Diplomatlar məsələni dinc yolla həll etməyə çalışırlar, amma CENTCOM-a təlimat veriləcəyi təqdirdə həyata keçirə biləcəyimiz bir neçə plan var”, - general bildirib.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli də Tehranı hədələyib.

O bildirib ki, Tehran nüvə silahı əldə etməyə çox yaxınlaşsa, ölkəsi əliboş dayanmayacaq.

Noyabrın 29-da Vyanda İran və “Altılıq” arasında danışıqlar keçiriləcək. İranın istəyi ilə ABŞ bu danışıqlarda ancaq dolayısı ilə iştirak edəcək. Prezident Co Bayden də daxil olmaqla ABŞ rəsmiləri dəfələrlə xəbərdarlıq ediblər ki, İranın 2015-ci il çoxtərəfli nüvə sazişinə qayıtması üçün vaxtı tükənir.

Bayden bildirib ki, ABŞ Yaxın Şərqdə sabitliyi pozacaq başqa bir müharibəyə girişmək istəmir. Amma Ağ Ev, Pentaqon və Dövlət Departamentinin rəsmiləri diplomatiya uğursuz olacağı və İran nüvə bombası hazırlamağı seçəcəyi təqdirdə, alternativ planın işə düşəcəyi barədə xəbərdarlıq ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər