1985-ci ildə fotoqraf Stiv Makkarri tərəfindən fotosu çəkilən və bunun “National Geographic” jurnalının üz qabığında dərc olunması ilə “Əfqan qızı” adıyla məşhurlaşan Şərbət Qula ölkəsini tərk edərək İtaliyanın paytaxtı Romaya gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə İtaliya hökuməti məlumat yayıb.
Açıqlamada Peşəvərdəki qaçqın düşərgəsində çəkilən fotosu ilə şöhrət qazanan Şərbət Qulanın Əfqanıstandan təxliyə proqramı çərçivəsində İtaliyaya gəldiyi bildirilib.
Qulanın avqust hadisələrindən sonra ölkəsini tərk etmək üçün kömək istəməsinə cavab olaraq İtaliya hökuməti onun Romaya çatdırılmasını təmin edib.
Məşhur fotoşəkil çəkiləndə 13 yaşı olan Qulanın hekayəsi SSRİ-Əfqanıstan müharibəsi zamanı yetim qaldığı vaxtdan başlayır. Dünyada hər kəsə təsir edən fotodakı qızın kim olduğu uzun müddət bilinməyib. 2002-ci ildə fotoşəkili çəkən Makkari də daxil olmaqla “National Geographic” komandası Qulanı tapmaq üçün Əfqanıstana gedib. Komanda Əfqanıstanın ucqar bölgəsindəki Qulaya çata bilib.
"Əfqan qızı" bu fotosu ilə illərdir dünyada məşhur olduğunu bundan sonra bilib.