28 Noyabr 2021 20:29

Qırğızıstan parlamenti - Joqorku Keneşə seçkilər başa çatıb. Yerli vaxtla saat 20:00-da 2435 seçki məntəqəsinin hamısı bağlanıb.

Teleqraf.com xəbər verir ki, ötənilki seçkilərə müqayisədə, bu il səsvermədə 1,5 dəfə az seçici iştirak edib. Qırğızıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 18:00-dək seçki məntəqələrinə 30 faizdən az seçici gəlib. MSK sədrinin müavini Tınçtıka Şaynazarovun fikrincə, seçici fəallığının aşağı olması bu il seçici səslərinin rüşvətlə alınmaması, insanların kütləvi daşınmaması və digər qanun pozuntularına yol verilməməsi ilə bağlıdır.

Ölkənin yeni qanunvericiliyə əsasən, seçkilərdə iştirak həddi yoxdur. Seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq istənilən halda baş tutmuş sayılır.

Qırğızıstanın yeni parlamenti 90 deputatdan ibarət olacaq. Parlamentin deputatları beş il müddətinə seçilir.


Müəllif: Teleqraf.com