Yaponiya parlamentinin yuxarı palatası ölkədə terrorçulara və terror təşkilatlarına dəstəyə, xüsusən də bu təşkilatların üzvlərini yerləşdirməyə görə cəzanın sərtləşdirilməsini nəzərdə tutan yeni qanunu təsdiq edib.
Cari ilin dekabrından başlayaraq belə hərəkətlərə görə 10 il müddətə azadlıqdan məhrumetmə cəzası və həmçinin 10 milyon yen (təqribən 86 min 200 dollar) miqdarda cərimə tətbiq ediləcək.
Terrorçuluğun dəstəklənməsi anlayışı altında qeyri-qanuni təşkilatlara silah satılması, həmçinin onların üzvlərinə “torpaq, bina, əmtəə və xidmətlərin” təqdim olunması nəzərdə tutulur. Bundan əlavə, qanun terrorizmin birinci və ikinci sponsorları təsnifatını nəzərdə tutur ki, təqsirli bilinənlərin cəzalandırılması buna uyğun olaraq həyata keçiriləcək.
Yaponiyada indiyədək mövcud olan qanunvericilik terrorçu təşkilatlara maliyyə yardımı göstərilməsini qadağan edirdi və Tokio buna görə həmişə xarici tənqidlərə məruz qalırdı.