Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Ukrayna ilə sərhədlərinə 100 minlik hərbi qüvvə göndərməsi ilə bağlı iddiaya münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Türkmənistandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Bölgədə sülh istədiklərini dilə gətirən prezident Ərdoğan tərəflər arasında vasitəçi olmağa hazır olduqlarını da bildirib:
“Burada mövqeyimiz bəllidir. Xüsusilə Krım türkləri ilə bağlı yanaşmamızla bölgədə sülhün bərqərar olmasının tərəfdarıyıq. Bu cür məsələləri dost Rusiya və xüsusilə də cənab Putinlə dəfələrlə müzakirə etmişik və edirik.
Ümid edirik ki, bu bölgə müharibənin hökmran olduğu bir bölgə olmayacaq. Bu bölgə sülhün hökm sürdüyü bir bölgə kimi gələcəyə addım atacaq. Arzumuz budur ki, bu məsələdə münasibətlər müsbət istiqamətdə inkişaf etsin. Bununla bağlı vasitəçilik etmək, həm Ukrayna, həm də cənab Putinlə danışıqlar və müzakirələr aparmaqla bu məsələlərin həllində pay sahibi olmaq istərdik”.