Rusiya Prezidenti Vladimir Putini “şər dünyəvi hökumətə xidmət edən vətən xaini” adlandıran və koronavirusun yalan olduğunu söyləyən rus keşiş 3.5 il həbs cəzasına məhkum edilib.
Teleqraf.com xəbər verir ki, keşiş Sergey 2020-ci ilin dekabrında moizələrində tərəfdarlarını “Rusiya naminə ölməyə və intihara təhrik etmək” və “vicdan azadlığını pozmaq” ittihamı ilə saxlanılıb.
Məhkəmə keşişi bu ittihamlar üzrə təqsirli bilib və 3.5 il müddətinə azadlıqdan məhrum edib.
Nikolay Romanov adlı 66 yaşlı keşiş sovet dövründə polis vəzifəsində çalışıb. Polisdən ayrıldıqdan sonra qətl və quldurluqda təqsirli bilinən Romanov 13 illik həbsdən sonra azadlığa çıxıb və rahib olub və Sergey adını götürüb.
Putinin “şər dünyəvi hökumətinə xidmət etdiyini” iddia edən Sergey Rusiya liderini “vətən xaini”, Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill və digər yüksək rütbəli din xadimlərini isə “ölkədən qovulmalı olan kafirlər” adlandırıb.
Rus Pravoslav Kilsəsi rahib Sergeyi monastır qaydalarını pozduğuna görə kilsədən qovub.