Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əvvəlcə azadlıq simvolu sayılan sosial şəbəkələr zaman keçdikcə demokratiya üçün əsas təhlükələrdən birinə çevrilib.
Teleqraf.com xəbər verir ki, Ərdoğan İstanbulda informasiya texnologiyaları üzrə konfransın iştirakçılarına videomüraciətində bildirib:
"Əvvəlcə azadlıq simvolu adlandırılan sosial şəbəkələr bugünkü demokratiyanın əsas təhdid mənbələrindən birinə çevrilib. Sosial şəbəkələrə marağın artması ilə yalan və dezinformasiya axını da artır. Bu problem ayrı-ayrı dövlətlərin milli təhlükəsizliyindən kənara çıxaraq qlobal təhdid miqyasına çatıb”.
Onun sözlərinə görə, Türkiyə hakimiyyəti dəqiq və qərəzsiz məlumat almaq hüququnu pozmadan vətəndaşları, xüsusən cəmiyyətin həssas təbəqələrini yalan və dezinformasiyadan qorumağa çalışır.